Topaz Premyer Liqasında mövsümü 8-ci pillədə başa vuran “Sumqayıt”ın yay təlim-məşq toplanışına başlayacağı vaxt müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə apasport.az saytına “kimyaçılar”ın baş məşqçisi Samir Abasov məlumat verib.
 
Gənc mütəxəssis iyunun 22-25-i aralığında komandanı bir araya gətirəcəyini söyləyib. “Gənclik şəhəri” təmsilçisi hazırlığın ilkin mərhələsini öz bazasında keçəcək. Abasov iyulun 10-dan sonra Türkiyəyə yollanmaq planlarının olduğunu da bildirib. Lakin bu məsələ hələ təsdiqini tapmayıb. Komandanın Türkiyəyə gedib-getməyəcəyi ilə bağlı yekun qərarı rəhbərlik verəcək.
 
38 yaşlı çalışdırıcı əcnəbi transferi etmək istədiklərini də bildirib: “Bilirsiniz ki, “Sumqayıt” həmişə yerli  oyunçularla çıxış edib. Yenə komandanın özəyini öz futbolçularımızdan quracağıq. Ancaq şəxsən mən ölkə xaricindən 3-4 əcnəbi gətirməyin də tərəfdayıram. Rəhbərlik icazə versə, az sayda güclü əcnəbilər gətirib, komandanı onların ətrafında toplayacam”.
 
Samir Abasov “Xəzər Lənkəran” komandası dağıldıqdan sonra azad agent statusuna malik olan gənc yarımmüdafiəçi İbrahim Qədirzadə ilə maraqlandıqlarını da vurğulayıb. O, 17 yaşlı futbolçunun valideynləri ilə bu barədə söhbət etdiklərini də söyləyib.
 
Qeyd edək ki, yay fasiləsində hələlik yalnız “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevi transfer edən “Sumqayıt” 11 oyunçusu ilə yollarını ayırıb.
Shares: