“Qarabağ”ın müdafiəçi Ansi Aqolli Azərbaycan futbolu tarixinə düşüb. Futbolinfo.az xəbər verir ki, albaniyalı legioner ölkəmizdə çıxış etdiyi vaxt dünya və ya qitə çempionatının final mərhələsinə yollanan 2-ci futbolçu olacaq.
Belə ki, onun adı Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcək Albaniya yığmasının heyətinə daxil edilib. Bununla, Ansinin AÇ-yə yollanacağı dəqiqləşib.
Albaniyalı 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarını Avropanın ən nüfuzlu turnirində təmsil edəcək 1-ci oyunçu olacaq. Lakin ümumilikdə Aqolli qitə çempionatlarının 2-ci “azərbaycanlı”sıdı.
İlk belə futbolçu isə Narsis Yameoqo olub. Salyanın “Muğan” klubunda çıxış etmiş futbolçu 2010-cu ildə Afrika Millətlər Kubokunda Burkina-Faso yığmasının şərəfini qoruyub.
O, dünya və qitə çempionatlarının final mərhələlərindəki ilk təmsilçimiz kimi tarixə düşüb. Yameoqo Afrika çempionatının final mərhələsində keçirdiyi yeganə matçda 62 dəqiqə forma geyinib.
6 ildən sonra eyni uğuru Avropada gerçəkləşdirən Aqolli isə 2-ci olub.
Qeyd edək ki, müstəqillik əldə olunanadək dünya və qitə çempionatına yollanan Azərbaycan futbolçuları SSRİ-ni təmsil edib. (Apasport)