İstanbulun  “Beşiktaş” klubu ölkəmizə səfər edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatına müsahibəsində komandanın prezidenti Fikrət Orman deyib.
 
O bildirib ki, Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə yatırım etmək fikrindədilər. Orman bununla həm azarkeş saylarını artıracaqlarını, həm də maddi imkanlarını yaxşılaşdıracaqlarını düşünür.
 
O, azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov və “Çelsi”nin sahibi Roman Abramoviçlə söhbətdən sonra belə bir qərara gəldiyini vurğulayıb: “Bu yaxınlarda Roman Abramoviç və Mübariz Mənsimovla Londonda söhbət edirdik. Söhbət əsnasında dedim ki, 20-25 milyon azarkeşimiz var, xüsusi fanata sahibik. Abramoviç isə onların 500 milyon azarkeşlərinin olduğunu bildirəndə çox təəccübləndim. Ona “bunu necə bacardınız” sualını verəndə cavabı məni düşündürdü. Təkcə İndoneziyada “Çelsi” azarkeş kredit kartı hazırlamaqla 30 milyon azarkeş qazanıblar”.
 
“Beşiktaş” prezidenti onların da bənzər layihələr həyata keçirə biləcəklərini istisna etməyib. Hətta bunun üçün komandanın müsəlman ölkələrə səfərinin də planlaşdırıldığını deyib: “Dünya klubu olmaq üçün maddi imkanların da yaxşı olmalıdı. İndoneziya, Malayziya, Misir, Bosniya və Herseqovina, Albaniya kimi müsəlman ölkələr bizim hədəf yerlərimiz olmalıdı. Çin böyük bazardı və orda milyonlarla türk yaşayır. Həmçinin İranda da milyonlarla türk var. Bu baxımdan Azərbaycan çox önəmlidi. “Beşiktaş” sevgisini bu ölkələrə daşımaq üçün layihələr hazırlayacağıq. Bəlkə həmin ölkələrdə oyunlar, təlim-məşq toplanışları keçirdik, turnirlər təşkil etdik”. (Apasport)
Shares: