“Azərbaycanda keçirdiyim mövsümü özüm üçün uğurlu saya bilərəm”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin futbolçusu Nelson Bonilya deyib.
 
Hazırda vətəni Salvadorda olan hücumçu uzun müddət bombardirlər yarışının lideri olduğu Topaz Premyer Liqasının son turunda mükafatı əldən verib. O, ölkəsində verdiyi açıqlamada arxada qalan mövsümü dəyərləndirəndə də itirilən tituldan danışıb: “Klubla aramızdakı münasibətlər peşəkar səviyyədə qurulub. Çox üzücüdü ki, mövsümü bombardir kimi bitirmək şansımı son gündə əldən verdim. Mən həmin turda oynamırdım, əsas rəqibim isə qol vurub, məni keçdi”.
 
Bonilya gələcək karyerası haqda da fikirlərini açıqlayıb: “Zirə” müqavilədəki bənddən istifadə edib, anlaşmanı daha bir il müddətinə uzatdı. Lakin mənim agentim də müəyyən yollar axtarır ki, gələn daha yaxşı təklifləri dəyərləndirə bilək. Bu variantlar Azərbaycandakı işim sayəsində yaranıb. Ola bilər ki, bu, mənə Azərbaycanı tərk etmək imkanı yaratsın. Hazırda isə konkret heç nə yoxdu. Agentimin mənə hər şeyin həll olunduğunu deməsinə qədər növbəti mövsüm harada oynayacağımı söyləyə bilmərəm. Amma bir şeyə əminəm ki, Avropada çıxışımı davam etdirəcəm”.
 
Qeyd edək ki, “Zirə” Bonilya ilə arasındakı “1+1 il” prinsipli müqaviləni uzatmağa qərar verib. Bu isə ötən ilin yayından ölkəmizdə çıxış edən hücumçunun daha bir mövsümdə klubda qalması deməkdi. Onun başqa kluba keçməsi üçün isə artıq paytaxt təmsilçisinə transfer məbləği ödənməli olacaq. (Apasport)
Shares: