Topaz Premyer Liqasında 2015/16 mövsümünün qalibi olan "Qarabağ" ölkəmizi ardıcıl 3-cü dəfə Çempionlar Liqasında təmsil edəcək. İkinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq ağdamlıların bütün potensial rəqibləri bəllidi. Bu mərhələdə güclülər arasında yer alacaq Qurban Qurbanovun yetirmələri özündən aşağı reytinqə malik komandalardan biri ilə qarşılacaq.
"Atlılar"ın potensial rəqiblərini güclərinə görə 3 dərəcəyə bölmək olar. 1-ci kateqoriyada "Qarabağ" üçün arzuolunmaz komandalar yer alıb. Şübhəsiz "Qarabağ" üçün "soyuq" rəqib kimi son İsrail çempionu Beer Şeva "Hapoel"inin adını çəkmək olar. Hər nə qədər bu komanda səpələnməmişlər qrupunda yer alsa da, "Hapoel"in İsraili təmsil etdiyini unutmaq olmaz. Elə tarixə də nəzər salsaq, görərik ki, yaxın şərqlilər həmişə bizimkilər üçün çətin sayıla biləcək rəqiblərdən olublar. Uzaq 1999-cu ildə "Qarabağ"ın İntertoto kubokunda Hayfa "Makkabi"sini udmağını nəzərə almasaq, bu ölkənin təmsilçiləri bizim üçün keçilməz sədd sayılıblar. Məhz həmin tarixdən sonra təmsilçilərimizin israillilərlə 4 duelində rəqib mərhələ adlamağa nail olub. Yuxarıda adını çəkdiyimiz "Makkabi"nin "Xəzər Lənkəran"a "fırtınalar meydanı"nda 8 cavabsız top vurmasından heç də uzun müddət keçməyib. Elə Kiryat Şimona "Hapoel"inin də evdə "Neftçi"ni darmadağın etməsini də (4:0) unutmaq olmaz.
Bizim üçün "isti" rəqib adlandıra biləcəyimiz komandaların sayı isə nisbətən çoxdu. Məsələn, 1-ci təsnifat mərhələsini adlamış 4 komandanın heç birindən çəkinməyə dəyməz. Avropanın ən zəifləri sırasında yer alan rəqiblərin "Qarabağ"ın yolunu kəsəcəyi inandırıcı deyil. Elə son Makedoniya çempionu "Vardar"ı da bu siyahıya əlavə etmək mümükündü. "Simurq"un sabiq forvardı Draqan Çeranın da şərəfini qoruduğu Balkan yarımadası təmsilçisini məğlub etmək Qurbanovun komandası üçün çətin olmamalıdı. Ümumiyyətlə, keçmişə nəzər salsaq, görərik ki, "Qarabağ" daha əvvəl də bu ölkəni təmsil edən "Metallurq"u 2 dəfə rahatlıqla mübarizədən kənarlaşdırıb. Bizim üçün "asan yem" sayılacaq rəqiblərin siyahını genişləndirsək, bura Latviya "Liepaya"sını, Litva "Jalqris"ini, Finlandiya SJK-sını, Bosniya və Hersoqovina "Jrinski"sini, İrlandiya "Dandalk"ını, Şimali İrlandiya "Kruzeyders"inin də adını əlavə etmək mümkündü.
"Qarabağ" üçün nisbətən çətinlik törədə biləcək komandalardan biri kimi Çernoqoriya çempionu "Mladost"un adını çəkmək olar. Bu ölkənin təmsilçiləri hər nə qədər kənardan asan rəqib təsiri bağışlasa da, fakt budu ki, komandalarımız hər dəfə çernoqoriyalılarla matçlarda çətinlik çəkir. Ümumiyyətlə, "Mladost" bizlər üçün tanış rəqibdi. Məhz bu komanda ötən mövsüm Avropa Liqasının ilkin təsnifat mərhələsində son dəqiqə qolu ilə "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı. Elə keçən yay ÇL-in 2-ci təsnifat mərhələsində "Qarabağ" da Çernoqoriya təmsilçisi "Rudar"la qarşılaşmada çətinliklə üzləşmişdi. Bundan başqa, "Bakı"nın da 2010-cu ildə klub rəsmilərinin səhlənkarlığı ucbatından vəsiqəni əlləri ilə sözügedən ölkənin komandası olan "Budnçost"a hədiyyə verdiyini unutmayaq.
Təmsilçimiz üçün "ilıq" rəqiblər adlandıracağımız bu siyahıya həmçinin Sloveniya "Olimpiya"sının da adını daxil etmək olar. İndiyə kimi təmsilçilərimizlə 5 duelin 4-də mərhələ adlamağı bacaran mərkəzi avropalılarla qarşılaşmada ağdamlılar əngəllə üzləşə bilər. Cırtdan ölkə təmsilçisi olmasına baxmayaraq, Lüksemburq "Düdelanjı"na da yuxarıdan aşağı baxmaq olmaz. Bir neçə il əvvəl məhz ÇL-də Avstriya "Zalsburq"unu sıradan çıxaran bu komanda səpələnməmişlər arasında ən yüksək reytinqə malik komandadı. Həmçinin, İsveç "Norçepinq"ini və Macarıstan "Ferentsvaroş"unu da bu siyahıya əlavə etmək olar.
Top yumru, meydan isə düzdü. Son illərdə "Qarabağ"ın Avropa meydanlarında sərgilədiyi oyun təmsilçilərimizə olan ümidlərimizi daha da artırır. Ağdamlılar yuxarıda adı çəkilən komandaların hamısını üstələməyə qadirdi. Ancaq bir şərtlə ki, rəqibə yuxarıdan aşağı baxılmasın. "Neftçi"nin Albaniya "Skenderbeu"sundan aldığı məğlubiyyət Qurbanovun yetirmələrinə nümunədi. Bundan başqa ötən mövsüm səpələnməmişlər sihayısında yer alan, hətta "Qarabağ"ın 5 potensial rəqibindən biri Qazaxıstan "Astana"sının da boyundan yuxarı tullanaraq, ÇL-in qruplarına düşməyini unutmayaq.
ELMAR ABDULLA-ZADƏ