2016-2017 mövsümünə klub tapıb Premyer Liqanı yaşatmaqda çətinlik çəkən AFFA-nın gününə acımamaq olmur. Elə klubların durumu da ölkənin ali futbol qurumundan çox fərqlənmir. Hamı gözünü dikib beynəlxalq birjaya. Hamını düşündürən yeganə sual neftin qiymətinin qalxıb-qalxmamasıdı.
Ancaq futbol məmurlarımızın qulağından uzaq, iqtisadi vəziyyyət pisləşəndə biznes strukturları böhran menecmentinə keçirlər. Bax, həmin böhran menecmentindən baş çıxaranlar, vəziyyət düzələndə ən elitar kompaniyaya çevrilir. Azərbaycan futboluna xas olan durum isə məşhur mahnımızın yüngül interpretasiya formasında qələmə alına bilər: “Küçələrə pul səpmişəm”.
Uzun illər pulları xəzəl kimi səpələyən futbolla oynayan yoldaşlar indi “qəpiyə güllə atır”. Yox-yox, düşünməyin ki, pulları tükənib, sadəcə, gəlirləri azalıb və bahalı oyuncağa yatırım qoymaq istəmirlər. Nə edə bilərik? Əlimizdən gələn bir şey var: kasıb AFFA məmurlarına, klub funksionerlərinə qənaət yolunu göstərmək. Özü də ən maraqlısı budu ki, bu qənaət futbolun inkişafına fayda verəcək.
Dünyada nadir ölkələr var ki, 10, 11, 12, 13, 14, 15, 16, 17 yaşlılar arsında çempionat təşkil etsin. Bütün sivil ölkələrdə yaş qrupları 2 ili əhatə edir. Yəni, 11 yaşadək, 13 yaşadək, 15 yaşadək, 17 yaşadək, 19 yaşadək. Biz həmişəki kimi analoqu olmayan ölkələr sırasında öncüllərdənik.
Elə bunun nəticəsidi ki, aşağı yaş qrupları üzrə komandalar arasında keçirilən çempionatlarda kütləvi şəkildə texniki məğlubiyyətlər, astronomik hesablar qeydə alınır. Doğrudu, AFFA-nın əlində ciciş bir siyahı var. Həmin siyahıya əsasən, 100 minə yaxın azərbaycanlı futbolla məşğul olur. Ancaq aydın məsələdi ki, milli formada 11 azərbaycanlı çıxarmaq mümkün olmursa, bu rəqəmlər sadəcə, gülüş doğurur. Axı, dağıstanlılara möhtac olan yığma komandan varsa, hansı 100 min futbolçudan dəm vura bilərsən?!
Yaş qruplarının sayına əl gəzdirməklə, AFFA “ bir gülləylə 2 dovşan vurmuş” olar: həm qeydə alınan texniki məğlubiyyətlərin sayı, həm də klubların xərclədiyi vəsait azalar. Ən əsası isə keyfiyyət qalxar. Azərbaycanda hər yaş üçün 100-lərlə futbolçu tapmaq mümkünsüzdü. Yalandan rəqəm göstərməklə, iş bitmir axı!
Bu gün Premyer Liqada iştirak edən klublar əsas komandayla yanaşı, qızlar, əvəzedici, habelə aşağı yaş qrupları üzrə kollektivlərə vəsait xərcləyir. Pullar sel kimi axanda, 100-200 min gözə dəymirdisə, bu gün vəziyyət fərqlidi. Aşağı yaş qruplarının sayını iki dəfə azaltmaqla yanaşı, AFFA qızlar komandasının ləğvinə dair də qərar verə bilər. Çünki onsuz da məlumdu ki, Azərbaycandan normal futbol oynayan qız/qadın komandası çıxan deyil. Yalandan pulu havaya sovurmağın nə mənası?
Elə əvəzedicilərin çempionatını da ixtisara salmaq olar. Çünki əksər halda həmin çempionata “sürgün olunmuşlar” yollanır: ya vərəqə limitinə görə əsas heyətdə oyun buraxanlar, ya məşqçi tərəfindən cəzalananlar, ya da zədə səbəbindən uzun müddət oynamayanlar. Əlbəttə, əvəzedicilərin çempionatını digər iki təkliflə bir tərəziyə qoymaq düzgün olmaz. Ancaq maliyyə sıxıntısı dövründə böhran menecmentindən faydalanmaqdan başqa çıxış yolu yoxdu. Bunu AFFA da başa düşməlidi, klublar da.
CEYHUN ƏLİYEV