Milli pasportu paylamaq üzrə ixtisaslaşan AFFA-nın yenidən üzü qara oldu. Bu dəfə Pərdis Fərcad Azad adlı yoldaş onları pərişan etdi.
İranəsilli futbolçunun porno-ulduz olmasını sübuta yetirən videonun internetdə yer alması olduqca üzücü mənzərədi. Axı, dünya futbol praktikasında hansısa milli futbolçunun pornoqrafik videofilmə çəkilməsinə rast gəlinməyib.
Azərbaycanda oynadığı illər ərzində hansısa qeyri-adi istedadla seçilməyən futbolçu 5 dəfə milli komandamızın formasını geyinib. Bu oyunlar ərzində vurduğu qolların sayı dediklərimizin əyani sübutudu: Pərdis yığmada qol üzünə həsrətdi.
Sağa-sola milli pasport paylayan AFFA-nın başı dəfələrlə daşa dəysə də, onlar bu hərəkətlərindən əl çəkmirlər ki, çəkmirlər. Hələ 2008-ci ildə milliləşən Aleksandr Nurəliyev “dəmir barmaqlıqlar” arxasına düşdü… “meşə qardaşları” ilə əlbir olduğu üçün.
Şamil Qurbanov – daha bir üzqarası gətirən milliləşən futbolçu. Ermənistan “Uliss”inə keçidi gündəmə gələn kimi Azərbaycan vətəndaşlığından imtina etdi. Kişinin oğlu dərhal dağıstanlı olduğunu söyləyərək, ermənilər qarşısında bəraət qazanmağa çalışdı.
Qızlardan ibarət U-19 yığmamızın üzvü olmuş Melisa Sarıaltın Kürdüstan bayrağını açmaqla AFFA-nın “papağını yerə soxmuşdu”. Bundan sonra millətçi xanımın üzünə milli qapıları bağlandı. Ancaq nəyə görə əcnəbini bura gətirib pasport verirsən ki, sonra da başın ağrısın?!
Abdulla Abatsiyev – AFFA-nın daha bir “qəhrəman”ı. “İnter”in şərəfini qoruduğu illərdə azərbaycanlılaşan yarımmüdafiəçi əsl vətəni Rusiyaya qayıdan kimi Azərbaycan pasportundan imtina etdi.
Kim təminat verə bilər ki, Ruslan Kurbanov, Maqomed Mirzabekov, Maqomed Kurbanov, Şahruddin Maqomedaliyev, Andrey Popoviç və onlarla digər geydirmə azərbaycanlılar klublarımızı tərk etdikdən sonra milli pasportumuzdan imtina etməyəcəklər?
Sonda hər yerindən qalxana pasport paylayan AFFA-ya bir nümunəmiz də var. Kristian Torresə Latviya vətəndaşlığı vermək məsələsi seymdə (bizdə Milli Məclis) müzakirəyə çıxarılıb. Yalnız bundan sonra 5 ilə yaxın ölkəmizdə də oynamış argentinalıya Latviya vətəndaşlığı verilib. Milli heysiyyatımızla oynayan ali futbol qurumu bəlkə bu misaldan sonra utana və bir daha analoji hala yol verməyə. Axı, porno-ulduzu milli komandaya dəvət etməklə onsuz da özlərini bütün dünyada rüsvay ediblər.
CEYHUN ƏLİYEV