“Böyük beşlik” ölkələrindəki klubların ötən mövsümdə maliyyə gəlirləri açıqlanıb. Futbolinfo.az xəbər verir ki, maliyyə araşdırma şirkəti “Deloitte” ən çox İngiltərə klublarının qazanc əldə etdiyini yayıb.
 
Şirkətin araşdırmasına əsasən, İngiltərə klubları ötən mövsüm ümumilikdə 5,2 milyard avro pul qazanıb. Bura bilet, forma satışı, yayım gəliri və digər ticari gəlirlər daxildi. Bu məbləğin 4,4 milyard avrosu Premyer Liqa klublarının büdcələrinə köçürülüb.
 
Öncəki mövsümlə müqayisədə gəlirlərdə 3 faiz artım müşahidə edilib. İkinci sırada qərarlaşan Bundesliqa klublarının ümumi qazancı Premyer Liqadakılardan düz 2 milyard avro azdı. “Böyük beşlik” ölkələrinin (İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya) ümumi illik gəliri isə 12 milyard avro olub ki, bu, yeni rekord deməkdi.
 
İngilislərin belə böyük qazanc əldə etmələrinin əsas səbəbi yayım gəlirləridi. Belə ki, yayım qazancı olmasa, Premyer Liqa ümumi illik gəlirdə Bundesliqadan geridə qalar. Bundan başqa, İngiltərə peşəkar çempionatlarında ötən mövsüm ümumilikdə 3 milyon azarkeş oyunları tribunadan izləyib.
 
İngiltərə Premyer Liqasının təmsilçiləri təkcə yayımdan büdcələrinə 2 milyarddan çox pul əlavə ediblər. Bu baxımdan ən çox qazanan komanda “Arsenal” olub. Mövsümü 2-si sırada tamamlayan “topçular”ın yayımdan illik qazancları 130 milyon avro təşkil edib.
 
“Deloitte” rəsmisi Adam Bull ingilislərin böyük qazanc götürmələrində “Lester”in çempionluğunun az rol oynamadığını bildirib: “İngiltərədə yayım gəlirləri digər çempionatlarla müqayisədə daha ədalətli şəkildə bölüşdürülüb. Bu da hər komandanın bir-birini məğlub edə bilmək səviyyəsinə gətirib çıxarır. Bu ölkədə Premyer Liqadakı rəqabətin nə qədər böyük olduğunu “Lester”in çempionluğu göstərdi. Bu, digər komandaların qazanclarına da müsbət mənada təsir etdi”.
 
Müqayisə üçün qeyd edək ki, qardaş Türkiyədə Superliqa komandaları yayımdan illik 400 milyon avroya yaxın pul “qoparıblar”. “Qalatasaray” uğursuz mövsüm keçirməsinə baxmayaraq, 50 milyon avroluq qazancla hamını qabaqlayıb.
 
Azərbaycanda isə yayım gəliri məsələsi geridə qalan mövsümdən tətbiq edilməyə başlayıb. İlk mövsümdə ümumi qazanc 700 min manat təşkil edib ki, bu pul 10 Premyer Liqa təmsilçisi arasında eyni sayda bölünməli idi. Yəni, hər komandaya yayımdan illik 70 min manat düşürdü. Ancaq PFL-ə olan borclar üzündən klublar bu pulu görə bilməyiblər. (Apasport)
Shares: