Topaz Premyer Liqasının ötən mövsümünün 9-cusu “Rəvan” növbəti mövsümdə iştirak etmək fikrində deyil. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, paytaxt klubu lisenziya almaq üçün AFFA-ya müraciət etməyib.
 
Bunu əməkdaşımızla söhbətində AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib. O bildirib ki, digər klublardan fərqli, “Rəvan” lisenziya ilə bağlı müraciət irəli sürməyib: “Rəvan”ın adının siyahıda olmamasının səbəbi odu ki, bu klub Premyer Liqada iştirak etmək üçün AFFA-ya müraciət etməyib”.
 
AFFA-nın Lisenziya Komissiyasının bu gün keçirilən iclasında klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanmış müzakirələrdən sonra bəzi qərarlar qəbul edilib. İclasdan sonra “Bakı”, “Xəzər Lənkəran”, “Qaradağ Lökbatan”, “Neftçala”, “Şərurspor”, “Turan Tovuz” və “Zaqatala” klublarına 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilməməsi qərara alınıb.
 
Bununla bağlı da danışan Məmmədov sözlərinə belə əlavə edib: “Mayın 30-u müraciət üçün axırıncı gün idi. Bu gün iclas oldu, qərarlar qəbul edildi. Bütün klublara hansı sənədlərdə çatışmazlığın olması ilə məlumat verilmişdi. Müraciət edən bütün klublarla bağlı qərar verilib. Yəni ki, məsələsi qeyri-müəyyən olan komanda yoxdu”.
Shares: