Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində keçirilmiş Azərbaycan – Kanada yoldaşlıq oyunu barədə millimizin baş məşqçisi Robert Prosineçki fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Oyunun birinci hissəsində 4 qol epizodu yaratdıq, amma realizə edə bilmədik. Fasilədən sonra da hücumlarımızı davam etdirdik. Bu dəfə yaratdığımız imkanlardan birini dəyərləndirə bildik. Futbolçularım ilk dəqiqələrdən öz oyununu nümayiş etdirə bilsə, istənilən rəqibə qarşı mübarizə apara bilərik.

Mövsümün sonudur, futbolçular çoxlu oyun keçirib, yorğunluq var idi. Bunları nəzərə alıb, məşq prosesini elə qurduq ki, oyunlara gücləri qalsın. Şəraitimizə gəldikdə, komandanın hazırlıq keçməsi üçün hər cür imkan yaradılmışdı. Ötən il Norveçlə oyundan əvvəl də burda toplanışımız olmuşdu. Yenə deyirəm, Kanada ilə oyun ümid verdi ki, Azərbaycan yığması hər bir rəqibə qarşı oynaya bilər.  

Rəsmi oyunlara neçə faiz hazır olduğumuzu indi deməkdə çətinlik çəkirəm. Çünki Namiq Ələsgərov zədədən döndükdən sonra ilk beynəlxalq oyununu keçirib. Amma Rahid Əmirquliyev kimi aparıcı futbolçumuz bu gün millinin düşərgəsində deyil. Bir məsələni də qeyd edim ki, San Marino ilə oyundan əvvəl toplanış keçirməyəcəyik. Ümid edirəm ki, millinin futbolçuları həmin oyuna hazır olacaqlar və zədəsiz komandaya qoşulacaqlar”.

Shares: