Azərbaycanda futbolçu hakimi döyüb. Futbolinfo.az xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib.

Futbol üzrə milli komandamızın keçmiş oyunçusu, "Xəzər Lənkəran"ın sabiq kapitanı, bir neçə gün öncə "Zirə"yə transfer olan Tural Cəlilov Şimal zona birinciliyi çərçivəsində keçirilən Xaçmaz-Qusar oyununda matçın hakimini (hakimin adı Vüqardır, soyadını dəqiqləşdiririk-red.) döyüb. Ona bu işdə komanda yoldaşı Vaqif Güləliyev də kömək edib.

Nəticədə hakim ağır bədən xəsarətləri alıb, hər iki ayaq sümüyü çatlayıb, qabırğası zədələnib. Maraqlıdır ki, oyun zamanı heç bir təhlükəsizlik tədbiri görülməyib, stadionda polislər olmayıb.

Məlumat üçün bildirək ki, Tural Cəlilov "Zirə"nin futbolçusu olsa da, çempionat başa çatdığından Şimal zona birinciliyində hazırda doğulduğu Xaçmaz rayonundan çıxış edir. Halbuki bu kimi turnirlərdə peşəkar futbolçuların iştirakı qadağandır.

Matçdan sonra Xaçmaz rayonu yol polisi şöbəsinin rəisi də hakimi "oyunu təzədən keçirməsən, verdiyin penaltini ləğv etməsən, qırmızı vərəqələri silməsən özündən küs" deyərək hədələyib. Hətta onun maşınının Xaçmazda saxlanılması barədə göstəriş də verib. Ancaq son anda fit sahibi maşınını xilas edə bilib.

Maraqlıdır, Tural Cəlilov eyni hərəkəti verdiyi səhv qərarla "Xəzər Lənkəran"ı birinci dəstəyə, oradan isə o dünyaya göndərən Ramil Diniyevə niyə eynisini etmirdi?

AFFA, Şimal Regional Futbol Federasiyası hara baxır? "Zirə" kimi peşəkar kluba Tural Cəlilov kimi futbolçu lazımdırmı? Hər halda məsələyə "Zirə" komandası da mövqe bildirməlidir. (ölkə.az)

Xəbərlə bağlı futbolinfo.az saytı Tural Cəlilovun da fikirlərini öyrəndi. Futbolçu belə bir hadisənin olmasını təkzib etdi, yazılanlardan şoka düşdüyünü bildirdi.

Shares: