Bütün dünyada yeni mövsümün planları xeyli əvvəlcədən müəyyənləşib. Çempionatda hansı komandaların yarışacağı, təbii ki, reqlament, transfer pəncərəsinin dəqiq tarixi və s. Biz isə hələ iştirakçıların sayını (!!!) müəyyənləşdirməmişik.

Son sözü onlar deyəcək, amma bunu nə vaxt edəcəklərini AFFA da bilmir. İcraiyyə Komitəsi yığışmalı, Premyer Liqanın taleyini müəyyənləşdirəcək qərar verməlidilər. Hər halda, AFFA Lisenziya Komissiyasınin son və yekun qərarında məhz belə göstərilib. Lisenziya almış 8 komandaya daha kimlərin qoşulacağına və ya yarışın elə bu sayla davam etdiriləcəyinə İK qərar verilməlidi: “Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub".

Bu gün “Futbolinfo”nun əməkdaşı AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb məsələni dəqiqləşdirmək istədi. Qurum rəsmisinin cavabı qısa oldu: “İcraiyyə Komitəsinin nə vaxt toplaşacağı haqda xəbər yoxdu”.

Mikayıloğlunun cavabı başadüşüləndi – o, rəhbərlikdən yalnız bu qədər bilgi ala bilib. Və Mikayıloğlu da bizim kimi gözləmək məcburiyyətindədi. Amma zaman gözləmir. İcraiyyə Komitəsi üzvlərinin istirahət etdiyi bu günlərdə ölkə futbolunun taleyi həll olunmalıdı.

Shares: