Futbolinfo.az sizi “İnter”in yeni transferi, rumıniyalı müdafiəçi Adrian Skarlatakenin müsahibəsi ilə tanış edir.
 
– Yenidən Azərbaycan klubunda oynayacaqsınız. Başqa təklifləriniz də var idi, yoxsa ancaq “İnter”lə danışıq aparırdız?
– Azərbaycandan yalnız “İnter” xidmətimdə maraqlı idi. Amma Rumıniya və digər ölkələrdən də təklif almışdım. Lakin Azərbaycana qayıtmaq istədim. Burda özümü yaxşı hiss edirəm. Həyat yoldaşım da ölkənizə geri dönməyin tərəfdarı idi. Sanki qayıdacağımı bilirdim. Buna görə də, maşınım və bəzi əşyalarımı Bakıda saxlamışdım. Maşınımı dostuma vermişdim, o, baxırdı.
 
– “İnter” yay fasiləsində heyətinə bir neçə yeni futbolçu qatdı. Necə düşünürsüz, komanda hazırkı güclə Premyer Liqanın növbəti mövsümündə çempionluğa oynaya biləcəkmi?
– Edilən transferlərdən sonra “İnter” bunu bacaracaq gücdədi. Təbii ki, biz çempionluq uğrunda mübarizə aparacağıq. Ancaq onu da deməliyəm ki, “Qarabağ” da növbəti mövsümdə birinciliyə əsas namizədlərdən olacaq. Futbolda necə olacağını əvvəldən heç kim deyə bilməz. “Zirə” Premyer Liqaya çıxdığı ilk ildəcə gümüş medal qazandı. Bunun özü də dediyimi isbatlayır.
 
– “İnter” 5 müdafiəçinin yer aldığı taktiki sxemdə oynayır. Bu, sizin üçün rahat olacaqmı?
– Baş məşqçi məni hansı mövqedə yer verəcəksə, orda da çıxış edəcəm. Mən bir çox mövqelərdə – müdafiənin mərkəzi, sağ və sol cinahlarında oynamağı bacarıram. Odu ki, mənim üçün problem olmayacaq. Əgər baş məşqçi ehtiyac duysa, yarımmüdafiə də çıxış edə bilərəm.
 
– Azərbaycan çempionatını bir müddət kənardan seyr etməli oldunuz. Razısız ki, Topaz Premyer Liqasının səviyyəsi aşağı düşüb?
– Azərbaycanı 6 ay idi tərk etmişdim. Amma çempionatınızı diqqətdə saxlayırdım. Ümid edirəm ki, növbəti mövsümdə Premyer Liqanın səviyyəsi qalxacaq. 4-5 yaxşı komanda var ki, çempionluq mübarizəsi aparacaq gücdədilər.
 
– “İnter”in heyətinə qatdığı yeni oyunçular barədə fikirləriniz necədi?
– Yeni transferlərin hamısını tanıyıram. Çünki onlar Azərbaycan çempionatında çıxış edən futbolçulardı. Çoxu gəncdi. Hər birini yaxşı oyunçu hesab edirəm. Ağabala Ramazanov və Slavik Alxasovla əvvəl də komanda yoldaşı olmuşuq. Məncə, “İnter” rəhbərliyi bu transferləri etməklə, yaxşı iş gördü. Bu onu göstərir ki, komandada güclü rəqabət olacaq. Yenə deyirəm, “İnter” hazırkı heyətlə çempionluğa oynaya bilər. 
 
– Sabiq klubunuz “Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini dayandırdı. Yəqin ki, bu xəbər sizi çox məyus etdi…
– Baş verənlərdən xəbərdaram. “Xəzər Lənkəran”ın çempionatdan nə üçün çəkildiyini bilmirəm. Amma ümid edirəm ki, bu komanda yenidən futbola qayıdacaq. Çünki “Xəzər Lənkəran”ın yaxşı tarixi, nəticələri və çox güclü azarkeş ordusu var. “Xəzər Lənkəran”sız çempionatı təsəvvür edə bilmirəm. Həqiqətən də, məyusam.
 
– Bu mövsüm avrokuboklarda iştirak edəcək Azərbaycan klublarından hansı nəticəni gözləyirsiz?
– Ancaq yaxşı nəticə və keyfiyyətli oyun gözləyirəm. Komandalarınızın bir neçə mərhələ adlayacağını düşünürəm. Ötən il “Qarabağ” və “Qəbələ” Avroliqanın qrup mərhələsində iştirak etdi. Bu il daha yaxşı nəticəyə imza atmaq lazımdı. Düzdü, “Kəpəz” yeni komandadı, “Neftçi” son mövsümü istədiyi kimi keçirmədi. Ancaq Avrokubokda vəziyyət fərqlidi. Mən Avroliqanın qrup və Çempionlar Liqasının pley-off mərhələsində oynamışam. Heyətin zəif olsa belə, Avrokubokda daha motivasiyalı olursan və bu sənə yaxşı nəticəyə imza atmağa şərait yaradır. (Apasport)
Shares: