“Neftçi”nin Müşahidə Şurasının son iclasını böyük həvəslə gözləyirdik. Çünki klubun büdcəsi müzakirə mövzusu olacaqdı. Əlbəttə, söhbət hansısa digər kollektivdən getsəydi, bunu adi hal kimi qarşılayıb, “onsuz da büdcəni açıqlamayacaqlar” deyə bilərdik. Amma “Neftçi” fərqlidi.
Klub rəhbərliyində məlum dəyişiklikdən sonra “ağ-qaralar”ın başbilənləri şəffaf büdcədən dəm vurur, növbəti mövsüm üçün bütün rəqəmləri çılpaqlığı ilə bəyan edəcəklərini bildirirdilər. Toplantı baş tutdu, nəticələr isə…
Yox, nə nəvə görən oldu, nə də nəticə. Sitat: “Klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə olunub”. Lap qəşəng. Bəs, həmin müzakirələrdən sonra hansı büdcə təsdiq olunub? Axı, bu sualın cavabı 2 səbəbə görə mütləq səsləndirilməli idi. Əvvəla, verilən vəd. İkincisi isə – bəlkə də, ən vacibi – “ağ-qaralar”ın əvvəlki rəhbərliyinin “Neftçi”nin hazırkı büdcəsinin Avropa Liqasının qrup mərhələsinə yüksəldikləri vaxtla eyni olduğunu söyləməsi.
Hətta büdcələr eynidirsə, “Neftçi”nin Müşahidə Şurası ayrılan vəsaitin hansı istiqamətə xərcləndiyini bildirməlidi. Öz dilləri ilə desək, “büdcənin bütün detalları rəsmən açıqlanmalıdı”. Axı, açıq səhmdar cəmiyyətə çevrilmə devizi əsas götürülübsə, məhz belə olmalıdı.
Ancaq “100 dəfə İmama ağlayanda, bir dəfə də Yezidə ağla” deyimini unutmuruq. Çünki büdcəni “7 qıfıl arxasında” saxlamamaq olduqca müşkül məsələdi. Bunun bir sıra obyektiv səbəbləri var. Faktiki büdcəni açıqlamaq ölkənin bugünkü durumunda inqilaba bərabər olar. Ancaq səbəbləri sadalamaqdansa, klub rəhbərliyinə Müşahidə Şurasında yer alan Bəhram Bağırzadənin də iştirak etdiyi bir KVN səhnəciyindən sitatı xatırladırıq: “Sözü ağzından çıxaranda, bir “rastomojka” elə də”. Atalar əbəs yerə deməyiblər: “Yüz ölç, bir biç”… Büdcəni aşıqlamaq mümkün olmayacaqdısa, bu barədə vəd verilməməliydi.
Toxunulası daha bir məqam baş məşqçi postunda Vəli Qasımovun təsdiqlənməsidi. Mütəxəssis indidən həyəcan təbili döyür. O, transferlərin yubandığını bildirir. Özü də bu, özünü sığortalamağa hesablanmış bəhanə yox, tam haqlı iraddı. Çünki yeni gələnlər heyətə oturuşmalıdılar. Avropa Liqasının ilk mərhələsinin oyunlarına 1 aydan da az vaxt qalıb. Qasımov bu müddət kəsiyində heyətdə saxlayacağı futbolçuları normal kondisiyaya çatdırmalı, yeni gələnləri isə “ələk”dən keçirdikdən sonra vahid ansabl qurmalıdı…
Bu, baş tutmasa “Neftçi”də növbəti “zəlzələ” baş tuta bilər. 2015-2016 mövsümündə normal transferləri həyata keçirə bilməyən klub bir də 3 məşqçi dəyişikliyi və ölkə çempionatında 3 dövrə başa çatdıqdan sonra özünə gəldi. Analoji halın yaşanmaması üçün “ağ-qaralar”ın düşərgəsində “fövqaladə vəziyyət” elan edilməlidi. Transfer çalışmalarına indidən start verilməli və Türkiyə toplanışında tam heyət formalaşmalıdı. Əlbəttə, klub rəhbərliyi növbəti “zəlzələ”ni arzulamırsa…
CEYHUN ƏLİYEV
P.S.: Kim bilir, bəlkə büdcə həm də ona görə açıqlanmır ki, onunla həqiqi güclənmə mümkün deyil?!