Topaz Premyer Liqasının 2015/2016 mövsümünü 3-cü pillədə başa çatdıran “Qəbələ” heyətlə bağlı islahatlarını davam etdirir. Futbolinfo.az saytının məlumatına görə, Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov və Pavel Paşayevlə yolları ayıran “qırmızı-qaralar”, eyni zamanda, güclənməklə məşğuldular.
Bölgə təmsilçisi Dmitri Bezotosnı, Rəşad Sadiqov və Asif Məmmədovun ardınca daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. Söhbət David Petrzkeviçdən gedir. “Qəbələ” danışıq apardığı polşalı qolkiperi razı sala bilib. Tərəflər arasında 1 illik müqaviləyə qol çəkilib.
Bundan əlavə, baş məşqçi Roman Qriqorçuk heyətə daha bir oyunçunun cəlb olunmasını istəyib. Ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Tellur Mütəllimov ukraynalı məşqçinin diqqətini cəlb edə bilib. Nəticədə Qriqorçuk Telluru təlim-məşq toplanışında sınamaq fikrinə düşüb. Əgər Mütəllimov yay hazırlığında özünü yaxşı tərəfdən göstərə bilsə, o, 2016/2017 mövsümünə “Qəbələ”də başlayacaq. Əks təqdirdə, gənc yarımmüdafiəçi yenə “Zirə”yə icarəyə veriləcək.
Əvəzində "Qəbələ” daha bir futbolçu ilə yolları ayırıb. “Qırmızı-qaralar” ötən ilin yayından komandada çıxış edən Andrey Popoviçlə vidalaşıblar. Məlumatı “Qəbələ”nin rəsmi saytı yayıb.