Mayın son günləri – iyunun əvvəli müxtəlif yaş qrupları yığmalarımız üçün qızğın alındı. Həm əsas, həm U-21, həm də U-19 yığma komandaları yoxlama görüşlərində qüvvələrini sınadı. 

Bu komandalar arasında az-çox seçilən Yaşar Vahabzadənin başçılıq etdiyi 21 yaşlılarımız oldu. Mayın 28-i – iyunun 3-ü aralığında 3 dəfə meydana çıxan gənclərimiz bu qarşılaşmaları rəqibləri ilə qardaş malı kimi böldülər. Sloveniyada təlim-məşq toplanışı keçən təmsilçilərimiz əvvəlcə meydan sahiblərini sevindiriblər. Mayın 28-də sloveniyalı həmyaşıdlarına 1:4 hesabı ilə məğlub olan gənclərimizin heyətində yeganə qolun müəllifi Elnur Cəfərov fərqləndi.

Ancaq cəmi 3 gün sonra Vahabzadənin komandası bu məğlubiyyətin əvəzini çıxmağı bacardı: Mahir Mədətov və Elşən Abdullayevin vurduqları qollardan meydan sahibləri yalnız birinin əvəzini çıxdı.

İyunun 3-də Bosniya və Herseqovinə yığmasına qarşı mübarizə aparan futbolçularımız toplanışın son oyununda qolsuz bərabərliyə imza atdılar. Beləliklə də, U-21 yığmamız keçirdiyi 3 matçın birində məğlub oldu, digərinə qalib gəldi, 3-cüsündə isə “sülh” bağladı.

Təəssüf ki, U-21-in şərti bərabərliyini nə əsas, nə də U-19 yığmalarımız təkrarlaya bilmədi. U-19 keçirdiyi hər iki qarşılaşmadan boynubükük ayrıldı. Komandanın baş məşqçisi Nazim Süleymanov isə Makedoniyanın U-19 yığmasına qarşı keçirilən hər iki qarşılaşmadan sonra eyni havanı çaldı: “Biz 14 nəfərə qarşı oynadıq”. Bu da yenilgilərin real qiyməti. Guya bu komandanın udmaqdan halı-günü xarab olmuşdu, bu dəfə hakimlər imkan vermədi.

Bir neçə kəlmə də əsas yığma haqqında. Robert Prosineçkinin rəhbərlik etdiyi beynəlmiləl yığmamız dünyada ən çox “şillələnən” komandalardan biri – Andorranın qapısına yol tapa bilməməklə yanaşı, planetin ən yaxşı xokkey ölkələrindən Kanadayla futbol yarışmasında da bərəbərliyə imza atdı. Reytinq cədvəlində həmin oyunun ərəfəsində millimizdən xeyli aşağıda dayanmış Makedoniya ilə görüşdən isə Prosineçki@Co 1:3 hesablı məğlubiyyətlə ayrıldı. Xorvatiyalı mütəxəssisin açıqlamaları da göz oxşadı. Kişinin oğlu dedi ki, azərbaycanlı futbolçular mövsümün sonunda yorğundular. Bəh-bəh! Qardaş, millət avrokuboklarda mayın sonunadək mübarizə aparıb, indi də kimisi Kopa Amerikada oynayır, kimisi də Avropa çempionatına hazırlaşır. Bəs, onlar nə etsin? Dəsmal çəkib, ağlaşma qursunlar? Bəhanələr, bəhanələr…

Beləliklə, son 10 gündə 3 yığma komandamızın keçirdiyi 8 oyunun nəticəsi həm gələcəyə baxmağa “ümid verdi”, həm də “qürurlandırdı”: 1 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət. Xəcalət təri axıtmayasan, neyləyəsən?

CEYHUN ƏLİYEV

Shares: