Azərbaycanda rəsmən 95 min futbolçu qeydiyyatdan keçib. AFFA-nın son hesabat-seçki konfransında da baş katib Elxan Məmmədov bu rəqəmlə öyündü, üstəlik, milli komandamızın reytinqini önə çəkərək irəliləyoşdən danışdı.
 
Aradan 3 ay keçib. Bu müddətdə milli komandamız 138-ci pilləyə kimi enib, bu qədər futbolçunun qeydiyyatda olduğu ölkənin milliləri isə əcnəbilərin ümidinə qalıb. 17 yaşadək futbolçuların Bakıda təşkil olunan Avropa çempionatına 6 əcnəbi ilə qatıldıq, əsas millilərin son toplanışında saysız legioner oynatdıq, digər komandalarımızda da azərbaycanlı tapmaq üçün tez-tez internet qaynaqlarına baxıb nələrisə dəqiqləşdirməli oluruq.
 
Rio Olimpiadasına gedəcək Azərbaycan idmançılarının 70 faiziin milliləşdirilənlər olduğu bir vaxtda bəlkə də futbolumuza bu qədər əcnəbinin soxuşdurulması başadüşüləndi. Amma o da var ki, güləşdə, ağırlıqqaldırmada, gimnastikada, boksda azərbaycanlıya çevirdiklərimiz saysız medal qazandığı halda, futbolda nəticələr qətiyyən dəyişmir. Klublarımıza əcnəbilərin gətirdiyi uğurların fonunda millilərə sırınan ikinci, üçüncü növ gəlmələr heç nəyi dəyişmir.
 
Bugünədək əsas millidə 43 milliləşən futbolçu debüt edib. Aşağı yaş qruplarında da çoxlu gəlmənin oynadığını nəzərə alsaq, az qala 100-ü haqlamışıq. Deməli, onları təsnifatlandırıb bir neçə yığma düzəltmək olar.
 
Dağıstan yığması
Kazimir Qudiyev – Məhəmməd Mirzəbəyov, Deni Qaysumov, Bədavi Hüseynov, Arif Daşdəmirov – Abdulla Abatsiyev, Narvik Sirxayev, Ruslan Qurbanov – Məhəmməd Qurbanov, İbrahim Həsənbəyov, Ruslan İdiqov.
 
Tarixən Dağıstana yaxın olmuşuq. Bu Respublika güləşdə, boksda olduğu kimi ən yaxşı yetirmələrini Rusiyaya, şimal qonşularımıza lazım olmayanları Azərbaycana göndərib. Milli komandamızda cəmi 3 oyun keçirən Qudiyevdən tutmuş Həsənbəyov və İdiqov kimi bircə mövsüm parlamış forvardlara kimi çoxunu görmüşük. Hazırda da milli komandamızın aparıcı üzvləri olan Məhəmməd Mirzəbəyov, Bədavi Hüseynov, Arif Daşdəmirov və Ruslan Qurbanov da Dağıstandan gələnlərdi. Düzdü, siyahıdakıların bəziləri dağıstanlı deyil, amma əksəriyyətini məhz "Anji"dən və ya Vladiqafqaz, Qroznı klublarından tanımışıq.
 
Postsovet yığması
Andrey Popoviç – Vladimir Levin, Vladimir Poşexontsev, Pavel Paşayev – Aleksandr Çertoqanov, Aleksey Stukas, Murad Hüseynov, Murad Ağayev, Yuri Muzika – Daniel Axtyamov, Badri Kvaratsxeliya.
 
Çoxmillətli milli komandalarımızda daha kimlər oynamayıb ki? Yuxarıda adı göstərilən dağıstanlıları və aşağıdakı digər komandalara saxladığımız bəzi oyunçuları siyahıdan çıxaranda da SSRİ millisi yaratmağa imkan var. Gürcü Kvaratsxeliya, Rusiyanın müxtəlif yerlərindən gələnlər və Ukraynada rəqabətə dözməyən bir neçə futbolçu – bu da sizə postsovet millisi.
 
4 qitə yığması
Maksim Vaylo (Ukrayna) – Andre Ladaqa (Braziliya), Ernani Pereira (Braziliya), Ufuk Budak (Almaniya), Usim Nduka (Nigeriya) – Eddi Stüart Paskal İsrafilov (İspaniya/Toqo), Fabio Luis Ramim (Braziliya), Markus Ferreyra (Braziliya), Dmitri Nazarov (Qazaxıstan) – Branimir Subaşiç (Serbiya), Leandro Qomeş (Braziliya).
 
Nazarovu bilərəkdən bu komandaya saldıq ki, hamı Antraktida və Avstraliyadan başqa, bütün qitələrdən təmsilçimiz olduğunu görsün. Düzdü, Dmitrinin doğulduğu Qazaxıstan da Avropa futbol ailəsinin üzvüdü, amma bu, heç nəyi dəyişmir: Asiya elə, Asiyadı. Amerikadan çoxsaylı legionerimiz olub, Afrikanı Ndukanın sayəsində kəşf etmişik, daha sonra bir neçə qitənin vətəndaşı olan, Anqola və Toqo kökləri də olan İsrafilovu bu siyahıya qatmışıq, Avropadan isə istənilən sayda oyunçumuz var. Amma bu siyahıya İran, Türkiyə qarışığı olan “almanlar”ı deyil, serb Subaşiçi saldıq ki, müzakirəyə ehtiyac qalçmasın.
 
Yaxın qonşu və “qardaş ölkələr” yığması
Rizvan Umarov (Rusiya) – Əli Gökdəmir (Türkiyə), Hüseyn Seyligli (Türkiyə), Sergey Sokolov (Rusiya) – Tuğrul Erat (Almaniya), Emin Nuri (İsveç), İltər Taşkın (Almaniya), Uğur Pamuk (Almaniya) – Cihan Özkara (Türkiyə), Pərdis Fərcad-Azad (Almaniya), Rüfət Dadaşov (Almaniya).
 
Bu milli komandada 4 ölkənin vətəndaşları yer alıb və daha az oynayanların toplusudu. Onların arasında Fərcad-Azad kimi İran əsilli almaniyalı da var, həm Türkiyə, həm Almaniya vətəndaşı olan türklər də. Hətta həqiqətən Azərbaycan bağları olan, qardaşı Almaniya millisini seçən Dadaşov da bu siyahıdadı. Hüseyn Seyligli, eləcə də “4 qitə yışması”na saldığımız Maksim Vaylo hələ əsas millidə debüt etməyib və yeganə istisnalardı. Onların adını bu siyahıya heyəti tam “düzəltmək” üçün salmışıq.
 
Və başqaları
Daha bir milli komanda yaratmaq olar. Amma bunun üçün gərək statistikamızı bir qədər də mükəmməlləşdirək. Çünki aşağı yaş qruplarımızda oynamış o qədər 1-2 matçlıq futbolçu olub ki… Şamil Lahiyalov (Rusiya), Ege Atlam (Türkiyə), İsmayıl Karakaş (Türkiyə), Barış Ekincier (Türkiyə), Öksüz Doğukan (Türkiyə) və aşağı yaş qruplarında məskunlaşmış onlarla əcnəbinin adını çəkmək olar.
 
Şəxsən mənə maraqlıdı: bu qədər milliləşənlərdən nə xeyir görmüşük? Və ya sualı başqa cür qoyaq: bu qədər lazımsız gəlmə neçə azərbaycanlı balasının qarşısını kəsib?
 
AĞA
Shares: