Futbolinfo.az sizi Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun müsahibəsi ilə tanış edir.
 
– Milli komandanın mayın 23-dən iyunun 4-dək Avstriyada keçdiyi təlim-məşq toplanışından tam razı qaldınızmı?
– Uşaqların məşqlərdə çalışması, özlərini göstərməsi baxımından razı qaldıq. Məşqlərə həvəslə yanaşırdılar. Amma nəticə baxımından… Yoldaşlıq görüşlərində nəticə hər nə qədər önəmli olmasa da, Andorraya qalib gəlməli, Makedoniyaya məğlub olmamalı idik. Odu ki, nəticələr elə də yaxşı, qənaətbəxş olmadı. Toplanışda bir çox futbolçu sınanıldı, yeni oyunçular da cəlb edilmişdi. Yoxlama oyunlarında özlərini göstərmək üçün çoxuna şans verildi. Futbolçuların gələcəkdə yığmaya nə cür kömək edəcəkləri də bizə maraqlı idi. Baş məşqçi Robert Prosineçki onu görmək istəyirdi.
 
– Ötən mövsüm bitər-bitməz milli toplanışa yollandı. Futbolçularda yorğunluq özünü göstərdimi?
– Ola bilər ki, yorğunluq var idi. Mövsümün axırı idi. Bəziləri təlim-məşq toplanışına heç də yaxşı toparlanmamışdılar.
 
– Toplanışa aparılan futbolçulardan özünü göstərə bilməyənlər çox oldu?
– Buna baş məşqçi daha dəqiq cavab verə bilər. Amma öz aramızda futbolçular barədə söhbətlər etdik. Özünü yaxşı tərəfdən göstərənlər də oldu. Kim nəyə qadirdisə, nəyi bacarırdısa, onu etməyə çalışdı. Bu barədə heç bir futbolçumuza iradım yoxdu.
 
– Millidə debüt edən futbolçular barədə nə düşünürsüz?
– Yeni oyunçular da özlərini göstərməyə çalışdılar. Onların növbəti toplanışa çağırılıb-çağırılmayacağına baş məşqçi qərar verəcək.
 
– Andorra, Makedoniya və Kanada ilə matçların hansında yığmamızın sərgilədiyi oyun ürəyinizcə oldu?
– Kanada ilə matçı qeyd edərdim. Makedoniya ilə görüşün ikinci hissəsində də komandamız yaxşı futbol nümayiş etdirdi. Andorra ilə oyunla bağlı isə bəhanə gətirə bilmərik.
 
– Toplanış çərçivəsində təkcə futbolçuları sınaqdan keçirdiz, yoxsa müxtəlif taktiki gedişləri də yoxladız?
– Taktiki gediş deyəndə ki, Robert Prosineçki gələndən milli hansı oyun tərzinə üstünlük verirsə, onun üzərində işlədik.
 
– Dünya çempionatının seçmə mərhələsinə az vaxt qalıb. Millimizi buna tam hazır hesab etmək olarmı?
– 2-3 ay vaxtımız var. Həmin dövrdə futbolçuların hansı vəziyyətdə olacağı çox önəmlidi. Biz indidən deyə bilmərik ki, hazırıq, ya yox. Amma əsas futbolçuların fiziki hazırlığıdı. Ondan çox şey asılıdı. (Apasport)
Shares: