Albaniya çempionu “Skenderbeu” UEFA tərəfindən sanksiyaya məruz qalıb. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu adıçəkilən klubu 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Buna səbəb “Skenderbeu”nun daxili çempionatda və avrokubokda danışılmış oyunlarda şübhəli bilinməsidi. Məsələ ilə əlaqədar UEFA mayın sonunda araşdırmaya start verib. Həmin vaxt klub rəhbərliyi danışılmış oyunlarda iştirak etmədiklərini bildirmişdi.
Dünən kluba UEFA-nın qərarı gəlib. Qərarda “Skenderbeu”nun 2016/2017 mövsümündə avrokuboklardan kənarlaşdırıldığı göstərilib. Bununla razılaşmayan Albaniya təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət edəcək.
“Skenderbeu” azərbaycanlı azarkeşlərə də tanış komandadı. Belə ki, Avropa Liqasının 2013/2014 mövsümündə “Neftçi” ilə qarşılaşan albanlar iki oyunun nəticəsinə görə, 1:0 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlamışdılar.