24 saat çəkmədi. Futbolinfo.az AFFA İcraiyyə Komitəsinin qısa zamanda toplaşmalı və Premyer Liqa iştirakçılarının sayına aydınlıq gətirməli olduğunu dünən yazmışdı. Assosiasiyanın mətbuat katibi Mikayıl Nərimanoğlu da yığıncağın nə vaxt keçiriləcəyindən xəbərsiz olduğunu bildirmişdi. 24 saat çəkmədi…
Üstündən 1 gün ötməmiş İK-nın toplantısı baş tutdu. AFFA-nın rəsmi saytı ali orqanın bu gün yığışacağı xəbərini səhər tezdən bəyan etdi. Deməli, qərar ən yaxşı halda dünən gecə verilib. İqtisadi böhran fövqəladə addıma rəvac verib. Tədbirin əsl adı “fövqaladə iclas” olsa da, AFFA həyəcanını gizlətməyə çalışıb. O ki qaldı toplantıda çıxarılan qərara… Diqqətlə oxuduqda aydın olur ki, sular durulur.
Ötən mövsüm “Rəvan”ı çempionata pərçim edən AFFA bu dəfə imtiyazlı klubun olmayacağını qərara aldı. Doğrudu, çempionat iştirakçılarının sayı hələ rəsmən təsdiqlənməyib. Bu qərar iyunun 13-də veriləcək. Amma AFFA prezidenti Rövnəq Abdullayevin toplantıdan sonra jurnalistlərə söylədikləri də kifayət qədər aydın səslənib. Federasiya başçısı verdiyi müsahibəylə AFFA-dan ənam gözləyən komandalara de-fakto ismarıc yollayıb: “Başınıza çarə qılın, daha sizə ianə verilməyəcək”.
Ancaq futbola sərmayə yatırmaq marağında olan iş adamlarını tapmaq indi olduqca müşkül məsələdi. Onsuz da böyük müəssisələrdə kəskin şəkildə ixtisarlar gedir. Böhran dövründə hamı qənaətə keçib. Futbol isə bahalı oyuncaqdı. Bu durumda kiminsə milyonları havaya sovuracağı inandırıcı deyil. Həm də nəzərə alaq ki, milyonları xərcləməyə hazır olan insan bu qərarı yaxın 6 gündə verməlidi. Demək ki, utopik fikirlərdən uzaq olsaq, növbəti mövsüm Premyer Liqada 8 klubun iştirak edəcəyini söyləyə bilərik. Doğrudu, bura Azərbaycandı və son anda nələrsə dəyişə bilər. Amma hadisələrin gedişatı çempionatın məhz bu sayda klubun iştirakı ilə keçiriləcəyindən xəbər verir.
“Xəzər Lənkəran” və “Bakı” məsələsinə də toxunan AFFA prezidenti faktiki olaraq, bu klubların peşəkar idarəetmədən uzaq olduğunu vurğulayıb: “İnanmıram ki, bu iki klub gələcəkdə inkişaf etsin”. Bu sözlərdə sualtı daş axtarmağa dəyməz. Söhbət klubda ikinci söz sahiblərinin pul xərcləyən şəxslərin qardaşlarının olmasından gedir. Uzun illərdi başları daşdan-daşa dəyən “Bakı” və “Xəzər Lənkəran”ın sahibləri hələ də “qardaş biznesi”nin fəsadlarını anlamayıblarsa, burda nə AFFA-nın günahı var, nə də başqalarının.
CEYHUN ƏLİYEV