Bu gün AFFA-da İcraiyyə Komitəsinin iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə növbəti mövsüm Topaz Premyer Liqada iştirak edəcək komandaların lisenziya sənədləri ilə bağlı məsələyə baxılıb. Yekunda 8 komanda – "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt"dan başqa digər komandalara lisenziya verilməyib. 

Buna baxmayaraq, Premyer Liqada iştirak etmək istəyən digər komandalara iyunun 13-nə kimi vaxt verilib. "Neftçala" son 2 mövsümdə 1-ci divizionda qalib olmağına baxmayaraq, lisenziya ala bilmədiyinə görə Premyer Liqada iştirak edə bilmir. İyunun 13-nə kimi qoyulan vaxtı komandanın son şansı kimi də dəyərləndirmək olar. Maraqlıdı, görəsən neftçalalılar təyin olunan müddətə kimi öhdəliləri yerinə yetirə biləcəklərmi? Bununla bağlı "Neftçala"nın baş məşqçisi Kamal Quliyev bunları bildirdi: 

– Bütün qərarlara hörmətlə yanaşmaq lazımdı. Amma 9 milyon xalq üçün 8 komanda ayıbdı. 10 komandanı bir yana, minumum 12-14 iştirakçı olmalıdı. İcraiyyə Komitəsindəki futbol veteranlarımız bu fikirlərlə razılaşmazlar. Bizim heç bir problemimiz yoxdu. Yalnız bank zəmanətimiz çatışmır. Qalan bütün sənədlərimiz qaydasındadı. Lisenziya ilə bağlı digər bütün tələblər yerinə yetirilib. Nəinki biz, "Qaradağ Lökbatan", "Turan", "Zaqatala" kimi komandalara da güzəştlər olunmalıdı. "Qaradağ Lökbatan" 1 mövsüm ərzində Premyer Liqada iştirak edən 3 kluban daha çox vəsait xərcləyib. İmkan vermək lazımdı ki, komandalar bu pulları Premyer Liqada xərcləsinlər. Bunlar hamısı sistematik şeylərdi. İndi komandaların soyqırımıdı, getdikcə sayları azalır. Belə vəziyyətdə futbol inkişaf edər? Komandaların sayı çox olsa, daha artıq futbolçu qazanmaq mümkündü. Fərqi yoxdu, biz və ya başqa biri Premyer Liqada iştirak etsin, əsas odu ki, komandaları sayı çox olsun. Bu, bizim haqqımızdı. 

– Klubların əksərinin pulu yoxdusa, onlar çempionatda necə iştirak edəcəklər?
– "Qaradağ Lökbatan" mövsüm ərzində minumum 500 min manat pul xərcləyir. Hamıya hörmətim var. Amma açıq danışaq, 500 min manatı Premyer Liqada AZAL, "Rəvan", "Xəzər Lənkəran" və ya hansısa xərclədimi? Yarıac, yarıtox futbol oynadılar. Məsələn, AFFA-dan maliyyələşən "Turan" olmazmı ki, həmin pula elə Premyer Liqada iştirak etsin? Tovuzda o qədər pullu şəxslər var. O vaxt bir yerə yığışıb, 2 milyon manat pul toplamışdılar. Çox təəssüf ki, komanda yanlış idarəçiliyin qurbanı oldu. Pulun milyon yarımdan çoxunu basıb, yedilər. İş adamlarını futbola cəlb edəndə, onlara güzəştlər yaradılmalıdı. Həmin adamların futboldan qazancı nə ola bilər? Hamı pulunu futbola ata bilməz. 2005-15 futbolun inkişafı üzrə dövlət proqramı yekunlaşsa da, biz heç nə edə bilmədik. Futbol veteranlarımızdan artıq dərəcədə xahiş edirəm, ağızlarına su alıb oturmasınlar, danışsınlar, təkliflər paketi irəli sürsünlər. Necə ki, bizlərlə görüşəndə danışırlar. Bütün klubların dövlət tərəfindən stabil olaraq, maliyyələşməsi ilə bağlı təkliflər etsinlər. 10 illik dövlət proqramında xərclənən pullar hanı?

– "Neftçala" rəhbərliyi niyə bank təminatı ilə bağlı məsələni vaxtında həll edə bilmir?
– Çünki bu, nə bizdən, nə də rəhbərliyimizdən asılıdı. Sponsorumuz "SOCAR Petrolium" şirkətidi. Bu, klub rəhbərliyi ilə şirkət sahibləri arasında olacaq məsələdi. Yəqin ki, təminatı ala bilməsək, "Neftçala"nı da çempionata buraxmayacaqlar. Amma bizdə stabil olaraq, rəhbərliyin diqqəti var, oyunçularımız vaxtında maaşlarını ala bilirlər. Ardıcıl 2 ildi futbolçular rəhbərliyi sevindirir, yüksəklərə qaldırır. Hörmət hörmətə bağlıdı, bizdə bank zəmanəti olmasa belə, məşqçilər, futbolçu heyətimiz rəhbərliyimizə inanırıq. Digər klubların gününə düşə bilmərik.

– Belə çıxır ki, "Neftçala"da hələ də müəmmalı vəziyyət hökm sürür…
– Bəli, hələ ki, heç nəyə aydınlıq gəlməyib. Amma klub rəhbərliyi də Premyer Liqada oynamaqda israrlıdı, həvəslidi. Ötən mövsüm Premyer Liqaya buraxılmamaq qərarından sonra rəhbərliyimiz küsmüşdü. Onlara futbolu yenidən sevidirdik. Yenə də futbol eşqi ilə yaşayırlar. Əgər bu dəfə də Premyer Liqaya buraxılmasaq, yəqin ki, "Neftçala"nın sonu olar. 

ELMAR ABDULLA-ZADƏ

Shares: