Premyer Liqa iştirakçılarının sayının azaldılması komandaların keçirəcəyi oyunların miqdarında da təsir göstərəcək. Son mövsüm ölkə çempionatında 36 tur baş tutdusa, üzümüzə gələn çempionatda klublar 28 oyunla kifayətlənəcəklər. Futbol mətbəxində isə 2 xoşagəlməz informasiya cövlan edir: 8 komandalı çempionatdan avrokuboklara 3 klubdan artıq vəsiqə əldə edə bilməz; mövsüm ərzində daxili yarışlarda (çempionat və kubok) 30 oyundan az keçirən kollektiv avrokuboklarda iştirak edə bilməz.
Məsələni araşdırarkən bir sıra qaynaqlara müraciət etdik. Məlum oldu ki, komanda iştirakçılarının sayı avrokuboklara vəsiqələrin məhdudiyyətinə səbəb olmur. Doğrudu, elita iştirakçılarının sayı ilə bağlı UEFA-nın tövsiyəsi var. Avropanın ali futbol qurumu elita təmsilçilərinin sayının 7-dən artıq olmasını tövsiyə edir. Məlum olduğu kimi, tövsiyə məcburi mənası daşımır. Üstəlik, hazırda söhbət 7 yox, 8 komandadan gedir ki, belədə, heç tövsiyə xarakteri daşıyan təlimat da pozulmuş olmur.
30 oyun limitinə gəlincə, ağıla gələn ilk sual belə səslənir: “Bəs, ölkə çempionu titulunu qazanan komanda kubokun ilk mərhələsindəcə turnirdən kənarlaşdırılsa”? Axı, onda komanda 29 oyun keçirmiş olur. Deməli, çempion avrokuboklardan məhrum olur, 2-ci yeri tutan kollektiv Çempionlar Liqasında oynamaq hüququ qazanır? Qəribə məntiqdi. Ancaq beynəlxalq mənbələrdə məsələyə dair heç bir konkret məlumat yer almadığı üçün informasiyanı dəqiqləşdirməyi qərara aldıq. AFFA-da bir sıra mənbələrimizə müraciət etdikdən sonra üz tutduq “ən qədim əməkdaş”ı – Məlik Həsənova: “Yox-yox, 30 oyun limiti məsələsi kiminsə uydurmasıdı. Belə bir məhdudiyyət və qadağa yoxdu. Çempionat iştirakçılarının sayına gəlincə, bu məsələdə UEFA-nın tövsiyəsi var. Avropanın ali futbol qurumu 7 kollektivdən çox lan çempionatın keçirilməsini tövsiyə edir. Bu da ancaq UEFA-nın məsləhətidi. Yəni, 7 və daha az komanda olsa belə, bu, avrokubok iştirakçılarının sayına təsir göstərə bilməz”.
Vəssəlam. Ürəyinizi buz kimi saxlayın. Çempionatımızda 4 komanda olsa belə, avrokubok iştirakçılarının sayı ölkənin klub reytinqinə uyğun olacaq.
CEYHUN ƏLİYEV