Dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin toplantısı keçirildi. Ancaq bir qəribə məqamı xüsusi vurğulamalıyıq: Assosiasiyanın rəsmi orqanı affa.az saytında xəbərin səhər saatlarında yerləşdirilməsini. Axı, toplantı saat 10:30-a təyin olunubsa, media təmsilçiləri bu xəbəri oxuyub həmin yığıncağa necə çata bilərdilər?
Ən qəribəsi isə budu ki, hələ iclas başlamamış ölkə telekanallarının hadisə yerində olmasıdı. Ortaya sual çıxır: necə?
Daxili mənbələrimizi işə saldıqda həqiqət üzə çıxdı. Sən demə, AFFA-nın mətbuat xidmətindən telekanallara bir gün öncədən xəbər ötürülüb ki, sabah iclasdı. Ok. Bəs, bir gün əvvəl AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya etdiyimiz zəngi hara yazaq? Axı, heç bir kitaba sığmır. Səndən soruşulur ki, İcraiyyə Komitəsinin iclası nə vaxtdı? Qısa və lakonik. Cavab isə… “İcraiyyə Komitəsinin nə vaxt toplaşacağı barədə xəbər yoxdu”, – Nərimanoğlu bunu futbolinfo.az saytının əməkdaşına deyib.
Bəli, AFFA rəsmisi günün ikinci yarısında edilən zəngə səmimi cavab verdiyini iddia edib, “yalnız gec saatlarda məlumat aldıq” deyə bilər. Bəs, TV-lərə məlumatı ötürdüyün yolla, birbaşa sənə edilən zəngi niyə diqqətdən kənar qoydun, ay Mikayıl bəy?! Axı, “Kəpəz”in Müşahidə Şurasında yer almaq mətbuatdakı prosesləri müşahidə etmək anlamına gəlmir. Bu da başadüşüləndi ki, yuxarıdan tapşırıq gəlib ki, ancaq TV-lər məlumatlandırılsın. Ancaq məsələ burasındadı ki, assosiasiyanın baş sözçüsü ilə əlaqə yaradaraq, İK-nın iclasının vaxtını dəqiqləşdirmək istəyən yeganə mətbu orqanı futbolinfo.az olmuşdu. Qeyri-peşəkarlıq nümunəsi olmaqla, yuxarıların yanında dividend qazanmağa cəhd isə, əksinə, sabah Elxan Məmmədovun təpkisinə səbəb olacaq. Çünki baş katib heç vaxt deməz ki, maraqlanan olsa, gizlət və ya aldat.
AFFA-nın yanında yaranan Media Komitəsinə də eyni prizmadan yanaşıldı: AFFA-nın yanında olmalarına rəva görülmədi. Medianı parçalamaq cəhdi güdən bu əməliyyat bəlkə də uğurla həyata keçirilir. Ancaq fakt bu oldu ki, Formula-1 yarışmasının təşkilatçıları AFFA-nın yanında olmadılar. Nəticədə, heç də xoşagələn mənzərə yaranmadı: yarışın təbliğatına güc sərf edən AFFA-nın yanında yaradılan Media Komitəsi quru vədlərlə qidalandırıldı.
Mikayıl bəyə bir çox həmkarlarının yaşadığı aqibəti xatırlatmaq istəyirik. Əbədi kreslo yoxdu. Uzun illər mediada çalışmış bir insana isə həmkarlıq borcu statusundan yayınmaq heç yaraşmadı. Olsun. Futbolinfo.az əməkdaşının vaxtında assosiasiyaya yetişməsini, əlavə xərcə düşsə belə, təmin etdi. Yalan, fırıldaq, hiyləgərlik… Qalmaz belə, qalmaz dünya.