“Bu proses artıq 4 ildi gedir. Berlin məhkəməsi istədiyi qərarı vermək üçün əlindən gələni edir. Amma müştərimə dəstək olanlar da var”. Futbolinfo.az saytının məlumatına görə, bunu Almaniya mətbuatına açıqlamasında model Gina-Liza Lohfinkin vəkili Kristian Simonis deyib.
 
Azərbaycan yığmasının sabiq futbolçusu Pərdis Fərcad-Azadı təcavüzdə günahlandıran, lakin bu iddiası qəbul edilməyən Gina-Liza Lohfink qarşı tərəfə şər atdığı üçün 27 min dollar məbləğində cərimələnməsindən narazıdı. Apellyasiya şikayəti verən modelin vəkili də Berlin məhkəməsinin qərarını haqlı saymır.
 
Məsələ ilə bağlı danışan Simonis müştərisinin tərəfini saxlayaraq, Pərdis Fərcad-Azadın yalan danışdığını bildirib: “Hələ ki, heç nə sübut edilməyib. Həmin videonun 30 gün ərzində yenidən araşdırması olacaq. Pərdisin dedikləri absurddu, həqiqəti əks etdirmir. Berlin məhkəməsi hazırda araşdırmanı davam etdirir. Əgər hər hansı bir video insan üçün özəldisə, onun publikaya buraxılmaması normaldı. Əgər publikaya buraxılırsa, deməli, məhkəmə onunla bağlı ölçü götürməlidi. Məhkəmənin sədri videonu görüb. Ancaq nədənsə düşünür ki, materialın yayılmasında ortaq maraq var. Bu isə tamamilə arsızlıqdı”.
 
4 ildi uzanan proses avqustun 8-dək davam etdiriləcək. Simonis isə müştərisinin aqibətinin məhkəmənin vecinə olmadığını qeyd edib: “Lohfinkin vəkiliyəm və onun hüquqlarını qorumaq mənim borcumdu. Videoya baxanda ağlaması və zalı tərk etməsi normaldı. Çünki özünü narahat hiss etdi. Görünən odu ki, indiki məqamda heç nə məhkəmənin vecinə deyil”.
 
Qeyd edək ki, Lohfinki 27 min dollar cərimələyən Berlin məhkəməsi Pərdis Fərcad-Azad və adı zorlamada günahlandırılan Sebastian adlı digər şəxsə isə 1500 dollar cərimə kəsmişdi. Buna səbəb kimi isə onların Lohfinklə seks zaman videoya çəkmələri və onu internetdə yaymaları göstərilmişdi. (Apasport)
Shares: