“Çalışdırdığım Azərbaycan yığması inkişafdadı. Bu vaxta qədər bir neçə yaxşı nəticəyə imza atmışıq”. Futbolinfo.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
AÇ-2016-nın seçmə mərhələsində ümidləri doğrultmayan yığmamız sentyabrda DÇ-2018-in təsnifat mərhələsinə start verəcək.
 
Bununla bağlı Xorvatiyanın index.hr saytına açıqlama verən Prosineçki maraqlı fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan yığması növbəti təsnifat mərhələsində rəqiblərinə başağrısı olmağa çalışacaq: “Ümid edirəm ki, dünya çempionatının seçmə mərhələsində biz hamı üçün güclü rəqib olacağıq. Əsas məqsədimiz elə bundan ibarətdi”.
 
47 yaşlı çalışdırıcı komandasının dünya çempionatına vəsiqə qazanacaq gücdə olmadığını etiraf edib: “Çətin ki, Rusiyada baş tutacaq mundiala vəsiqə qazanmağı bacaraq. Halbuki, bunu reallaşdırmağı çox istəyirik. Bu mövzu ilə bağlı çox danışa bilərəm. Ümumilikdə hər şey o qədər də pis deyil”.
 
Qeyd edək ki, Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə birlikdə C qrupunda mübarizə aparacaq yığmamız ilk matçını sentyabrın 4-də səfərdə San Marinoya qarşı keçirəcək.
Shares: