Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Baltsan" matçının baş hakimi Yaroslav Kozak azarkeşlərimizə tanışdı. Futbolinfo.az xəbər verir ki, ukraynalı referi indiyə kimi iki dəfə təmsilçilərimizin oyununa təyinat alıb.
O, ilk dəfə 2011-ci ildə "Xəzər Lənkəran"ın evdə Təl-Əviv "Makkabi"si (0:0) ilə keçirilən qarşılaşmada fit çalıb. 2013-cü ildən FİFA referisi statusunu daşıyan Kozakın ölkəmizə 2-ci səfəri ötən mövsüm olub. 36 yaşlı ədalət təmsilçisi bu dəfə baş hakim kimi söz sahibi olub və AL-in 2-ci təsnifat mərhələsi çərçivəsində oynanılan "İnter" – "Hafnarfyordur" (2:2) matçında ədaləti qoruyub. O, "İnter Arena"da keçirilən görüşdə bakılıların 2, rəqibin 5 oyunçusuna sarı vərəqə göstərib, digər futbolçusunu isə meydandan qovub.
Qeyd edək ki, indiyə kimi 15 beynəlxalq oyun idarə edən adıçəkilən hakim bu görüşlərdə 56 sarı, 4 qırmızı vərəqədən istifadə edib. O, həmçinin, 6 dəfə də qapılara penalti təyin edib.