Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində daha iki təmsilçimiz start oyununa çıxacaq. “Neftçi” uzaq Maltada, “Qəbələ” isə Bakıda. “Ağ-qaralar”a ancaq virtual dəstək ola biliriksə, Roman Qriqorçukun rəhbərlik etdiyi klubun yanında da olmaq imkanımız var.

Təmsilçimiz 8-ci kilometr qəsəbəsindəki stadionda Gürcüstan “Samtredia”sını qəbul edəcək. Dünənki mətbuat konfransında “qırmızı-qaralar”ın çalışdırıcısı start heyətini müəyyənləşdirdiyini, lakin oyundan öncə strateji baxımdan kimlərin meydana çıxacağını söyləmək fikrinin olmadığını dilə gətirdi. Daha bir maraqlı məqam Qriqorçukun ilk “11-liy”i müəyyənləşdirmək üçün seçiminin faktiki olmadığını bildirməsidi. Deməli, start fitinə 6 saat qalmış biz də ukraynalı mütəxəssisin kimlərə güvənəcəyini təxmin edə bilərək.

Qapının Dmitri Bezotosnıya etibar olnacağı heç kimdə şübhə doğurmur. Müdafiənin mərkəzində Voyislav Stankoviçlə Rafael Santos qərarlaşacaq. Çətin ki, Qriqorçuk adlarını çəkdiyimiz futbolçuları Vitali Vernidubdan zəif saysın. Cinahlardan isə Rikardinyo ilə Maqomed Mirzabekov rəqibin hücumlarının qarşısını kəsməyə çalışacaq.

Yarımmüdafiənin cinahlarında Rəşad Eyubovla Sergey Zenyova alternativ görmürük. Yalnız Asif Məmmədov start heyətində görünə bilərdi ki, o da zədəlidi. Yarımmüdafiə xəttinin mərkəzində isə  Filip Ozobiç – Nika Kvekveskiri – Teo Luis Uiks triosunun qərarlaşacağını düşnürük.

Hücumçu funksiyasını isə dünən adı iştirak ərizəsinə əlavə edilən Baqali Dabo yerinə yetirəcək.

Bu gün 21:00-da start götürəcək görüşdə “Qəbələ”nin dəstəyə böyük ehtiyacı var. Bölgə təmsilçisinin rəqibinin Gürcüstandan olması 1 il əvvələ boylanmağa sövq edir. Tiflis “Dinamo”su ilə qarşılaşmalarda törədilən təxribat yaddaşlardan silinməyib. Deməli, yumruq kimi birləşib “Qəbələ”nin yanında olmaq hər birimizin vətəndaş borcudu. Dəstək sanballı olduqdan sonra isə “Qəbələ” də bunun layiqli cavabını verəcək… qələbəylə!  

CEYHUN ƏLİYEV

Shares: