“Baltsan” səddini keçmək istəyirik. Hamımız buna köklənmişik”. Futbolinfo.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yeni transferi Edson Kastilyo deyib.
Venesuelalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “Neftçi” ilə bağlı danışıb. Təcrübəli futbolçu söhbət əsnasında “ağ-qaralar”ın Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Baltsan”la keçirəcəyi matça da toxunub.
O bildirib ki, “Neftçi” Malta səfərindən yaxşı nəticə ilə qayıtmaq iqtidarındadı: “Özümüzə inanırıq. Yaxşı çıxışla yadda qalmaq, nəticə göstərmək istəyirik. Bu görüşü qalib kimi başa vurmaq imkanımız var”.
“Neftçi”yə yavaş-yavaş uyğunlaşdığını deyən Kastilyo komandada ona ən yaxın futbolçunun adını da açıqlayıb: “Çox şadam ki, “Neftçi”yə gündən-günə daha çox uyğunlaşıram. Gənclərdən ibarət, istedadlı kollektivdi. “Neftçi” ölkənin ən köklü klublarından biridi. Belə bir komandada oynamaq mənim üçün yaxşı təcrübə olacaq. "Neftçi"də mənə ən yaxın futbolçu Jayrodu. Latın Amerikasından yalnız ikimizik”.
“Baltsan”la matçda “Neftçi”də debüt edəcəyi gözlənilən yarımmüdafiəçi Azərbaycan dilini öyrənmək fikrində olduğunu dilə gətirib: “Hələ ki, Azərbaycan dili mənə bir qədər çətin gəlir. Ancaq gündən-günə yerli dildə də ünsiyyət qurmağa cəhd edirəm. “Neftçi”yə keçəndə başa düşdüm ki, baş məşqçi ispanca da danışmağı bacarır. Bu mənim işimi asanlaşdırdı. Sonra meydanda hərəkətdə olan komanda yoldaşlarıma fikrimi çatdırmaq istədim, amma bunu edə bilmədim. Onu da deyim ki, “Neftçi” sürətli futbol oynayır. Bu isə hər bir oyunçunun daha da güclənməsinə şərait yaradır”.
Qeyd edək ki, Kastilyo “Neftçi”yə yay fasiləsində “Mineros Quayana” klubundan keçib.