“Komandamızın “Neftçi” önündə şansını dəyərləndirərkən, real danışmalıyıq. Azərbaycan klubu böyük tarixə malikdi”.
Futbolinfo.az saytının məlumatına görə, bunu “Neftçi”nin Avropa Liqasındakı rəqibi “Baltsan”ın baş məşqçisi Oliver Spiteri deyib.
Malta təmsilçisi bu gün I təsnifat mərhələsi çərçivəsində “Neftçi”ni qəbul edəcək. Spiteri yerli mətbuata açıqlamasında təmsilçimizdən çəkindiklərini etiraf edib: “Neftçi” bir neçə mövsüm əvvəl Avropa Liqasının qrupunda iştirak etmiş və qitə nəhənglərindən olan Milan “İnter”inə qarşı oynamış komandadı. Biz öz gücümüzün həddini bilirik. Əlimizdəki kartlardan maksimum yararlanmağa çalışacağıq. Qarşıda komandamızı çox çətin 180 dəqiqə gözləyir. Bütün diqqətimizi həmin iki oyuna yönəltməliyik”.
Baş məşqçi “Baltsan”ın yeni transferləri olan braziliyalı futbolçular Bruno Oliveyra, Anderson Fransisko de Barros və makedoniyalı Borçe Manevski haqda da danışıb. O, yeni gələnlərdən məmnun qaldığını deyib: “Hər üç futbolçu komandamıza əlavə güc qatacaq. “Neftçi” ilə matçlarda onlara güvənim böyük olacaq”.
Spiteri “Neftçi” haqda danışarkən, venesuelalı yarımmüdafiəçisi Edson Kastilyonu xüsusi fərqləndirib: “Kiprdə keçirdiyimiz təlim-məşq toplanışı komandaya çox xeyir verdi. Bunun rəsmi matçlara da sirayət etməsini istəyirəm. “Neftçi” yay fasiləsində bir neçə futbolçu transfer edib. Onlar arasında yarımmüdafiəçi Edson Kastilyo xüsusi istedadı ilə seçilir. “Neftçi” balanslaşdırılmış komandadı. Futbolçuları meydanda çox sərbəst və sürətli oynayırlar”.
Qeyd edək ki, bu gün keçiriləcək “Baltsan” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.