“Bilirik ki, çox güclü komanda ilə qarşı-qarşıya gələcəyik. Ancaq ötən ay əla təlim-məşq toplanışı keçdik”.
Futbolinfo.az saytının məlumatına görə, bunu “Baltsan”ın yarımmüdafiəçisi Dilan Qrima deyib.
Malta təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün “Hibernians” stadionunda “Neftçi”ni qəbul edəcək.
Qrima Malta mətbuatına açıqlamasında qarşılaşmaya hazır olduqlarını söyləyib. O, hətta İslandiya yığmasının Avropa çempionatındakı çıxışını da özlərinə nümunə göstərib: “Kiprdəki toplanış fiziki hazırlığımızın düzəlməsinə və “Neftçi” ilə oyunöncəsi əhvalımızın yüksəlməsinə kömək oldu. Avro-2016-da gedən mübarizə futbolda hər şeyin baş verə biləcəyini göstərir. Əgər biz oyunumuzu İtaliya yığmasının uğurlu taktikasına oxşada bilsək və onların intizamını, həmçinin İslandiyanın qətiyyətliliyini göstərə bilsək, inanıram ki, Maltada adımızdan söz etdirmiş olarıq”.
Qeyd edək ki, “Baltsan” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.