Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Gürcüstan "Samtredia"sı üzərində 5:1 hesablı qələbədən sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis yetirmələrindən ağızdolusu danışdı. 

– Aydın məsələdi ki, nəticədən razıyıq. Oyundan da razıyam. Hazırlığımız bəhrəsini verdi. Uşaqlar çox yaxşı təsir bağışladı.

– İndi gördünüz ki, favorit "Qəbələ" idi?
– İndi də favorit olduğumuzla razılaşmıram. Sadəcə, oyun belə alındı. Ümumiyyətlə, bu cür söhbətləri komanda daxilinə buraxmağın əleyhinəyəm. Komanda bu gün vəzifəsinin öhdəsindən gəldi. Hesab edirəm ki, cavab qarşılaşmasına eyni şəkildə motivasiya olmalıyıq.

– Sizə elə gəlmir ki, Zenyov özünü sübut etmək üçün üçqat əzmlə oynayırdı?
– Ancaq bununla razılaşa bilərəm ki, Sergey çox yaxşı oynadı. Amma onu xüsusi qeyd edə bilmərəm. Komandamın hər bir üzvü yaxşı oynadı, o cümlədən də, Zenyov.

– Hesab böyüdükdən sonra gənc azərbaycanlı futbolçulara şans tanıdınız. Nəticənin uğurlu alınmasını nəzərə alsaq, cavab görüşünün start heyətində bu uşaqlardan birini görə bilərik?
– İndidən konkret bir söz deyə bilmərəm. Bu uşaqların inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik. 

– Adətən sizi transferlərə görə tənqid edirlər. Bu gün yeni transferlər özlərini ən yaxşı tərəfdən göstərdilər. Tənqidçilərinizə sözünüz varmı?
– Onların hər birinə cansağlığı arzu edirəm. Bu, tək mənim zəhmətim deyil. Bizim transferlərlə məşğul olan bir qrup insan var və onların hər birinə təşəkkürümü bildirirəm.

CEYHUN ƏLİYEV

Shares: