"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Samtredia"sı ilə ilk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb, hansı ki, aralarında futbolinfo.az saytının əməkdaşı da olub.
– Matçla bağlı fikirləriniz…
– Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldı ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil, ümid edirəm ki, “Qəbələ” növbəti oyunlarda da belə nəticələr əldə edəcək.
– Hesab aydındı, bəs, komandanın oyunu sizi nə dərəcədə qane etdi?
– Bu barədə danışmaq çətindi. Hesaba baxsaq, deyə bilərik ki, yaxşı oynadıq. Növbəti rəqiblərlə oyunlardan sonra bunu demək daha asan olacaq.
– Yeni transferlərin oyununu necə dəyərləndirərsiniz?
– Mən şəxsən yeni transferləri bəyəndim. Yenə deyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdı. Ancaq fikrimcə, pis çıxış etmədilər.
– Bu gün ən rahat matçınızı izlədiniz…
– Bəli, birinci dəfə idi ki, belə rahat matç izləyirdim.
– Yeni transferlər gözlənilirmi?
– Bir hücumçu axtarırıq. Bu yaxınlarda yeni transfer baş tutacaq.
– İlkin təəssürat necədi: bu komanda daha güclü təsir bağışlayır, ya keçənilki?
– Bu barədə danışmaq çətindi. Ancaq mənim fikrimcə, ən azından keçənilkindən pis deyil. Ola bilsin, hətta daha yaxşıdır. Gələn oyunlarda bunu biləcəyik.
– Komandanın qarşısına hansı mərhələyə kimi irəliləməklə bağlı hədəf qoyulubmu?
– Hədəf həmişə daha irəli getməkdi. Keçənilkindən daha yaxşı çıxış etmək istəyirik.
– İlk oyunda 3 qol vuran Teo Uiksin çıxışını bir cümlə ilə necə şərh edərdiniz?
– Gözlənilməz idi. Biz hətta 3 qol vuracağımızı gözləmirdik, o ki qaldı bir oyunçunun 3 qol vurması. Çox da gözəl qollar idi.
– Ötən mövsümün sonunda “Qəbələ” bir qədər uğursuz çıxış etdi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Komanda Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi?
– Bilirsiniz, komanda ilə bağlı şəxsən mənim hədəflərim həmişə böyükdü. Ona görə də mən keçən il Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim. Ancaq təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bəlkə bu oyunlarda uğurlu seriyanı bərpa edək.
– Büdcənin artırılması gözlənilirmi?
– Xeyr, əksinə, azaldılıb. Artırılması müzakirə mövzusu deyil.
– Bu vəziyyət ölkədəki mailyyə problemləri ilə bağlıdı?
– Bəli, həm onunla bağlıdı, həm də düşünürük ki, qənaət etməklə də nəticə qazanmaq olar.
– Necə düşünürsünüz, maliyyənin azaldılması komandanın nəticə qazanmasında mənfi rol oynaya bilərmi?
– Rol oynaya bilər, əlbəttə. Ancaq biz maksimum çalışmışıq ki, düzgün transferlər edək. Bildiyiniz kimi, keçən il bəzi uğursuz transferlər etdik. Bu dəfə daha az mailyyə ilə bunu neytrallaşdırmaq istəyirik.
– Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, “Qəbələ” artıq öz yetirmələrinə güvənəcək?
– Məşqçinin qarşısında hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budu.
ELMAR ABDULLA-ZADƏ