"Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Samtredia" (Gürcüstan) ilə oyundan (5:1) sonra jurnalistlərə müsahibəsində futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.
– Oyunla bağlı fikirlərinizi bilmək istərdik…
– Komandanı qələbə münasibəti ilə təbrik edirəm. Ancaq arxayınlaşmaq olmaz. Futbolda hər şey ola bilər. Növbəti oyuna hazırlaşmaq lazımdı və qalib gəlib tam əmin olmalıyıq ki, mərhələ keçdik.
– Sizcə rəqib zəif idi, yoxsa “Qəbələ” çox güclü idi?
– Belə deyək, bu görüşdə gürcülər “Qəbələ” üçün rahat rəqib idi. Növbəti oyunda necə olacaq görəcəyik. Bu matçda məşqçinin bütün tapşırıqlarını yerinə yetirə bildilər. Rəqib də oynamağa imkan verdi.
– Mendinin gedişindən sonra “Qəbələ” axtardığı hücumçunu tapa bilmirdi…
– Mendini tapmışıq elə. (gülür)
– Bir həftə sonra Gürcüstana gedirsiniz. Ötən il “Dinamo” ilə oyunda iğtişaşlar baş vermişdi. Bunun üçün hansısa xüsusi təhlükəsizlik tədbirləri görmüsünüz?
– Rəqib komandanın rəhbərliyi ilə bu barədə danışıqlarımız oldu. Özünüz də gördünüz ki, bizdə heç bir problem olmadı. Əla atmosfer var idi. Eyni şeyi də orda gözləyirik.
– Artıq ikinci mərhələ barəsində düşünmək olar. Kimi rəqib görmək istərdiniz? Xüsusi bir istəyiniz varmı?
– Hələ bu barədə danışmaq olmaz. Növbəti mərhələyə keçməyimiz bir həftə sonra dəqiqləşəcək. Onda da bilinəcək ki, rəqibimiz kimdi. Ona uyğun da hazırlaşacağıq.
– Komandada bir nominal hücumçu var. Növbəti transfer etməyi düşünürsünüzmü?
– Əvvəldən axtardığımız, maraqlandığımız bir neçə oyunçu var, ancaq dəqiq deyil. Avropalı və afrikalı oyunçulardı.
– Transfer ikinci mərhələyə qədər yekunlaşa bilərmi?
– Ola bilər, mümkündü.
– Klub prezidenti Tale Heydərov qeyd elədi ki, “Qəbələ” ötən mövsüm bəzi legionerlərin seçimində uğursuz olmuşdu. İndi demək olarmı ki, məhdud büdcə ilə ən yaxşılar seçilib?
– Belə deyək də, bu, birinci oyundu. İlk oyuna görə onlar haqqında müsbət fikir bildirmək olar. Ancaq gələcək oyunlar daha dəqiq göstərəcək. Görək yenilər əyalətə uyğunlaşa biləcəklərmi.
ELMAR ABDULLA-ZADƏ