Avropa Liqası çərçivəsində dünən keçirilən “Baltsan” – “Neftçi” matçı bəzi maraqlı məqamlarla yadda qaldı. Bakılıların 2:0 hesabı ilə qalib gəldiyi görüşdə “ağ-qaralar”ın avrokuboklarda 2 illik qələbə həsrəti sona çatdı. Paytaxt təmsilçisinin sonuncu uğuru 2014-cü ilə təsadüf edirdi. Həmin vaxt “Neftçi” səfərdə Gürcüstan “Çixura”sını üstələmişdi – 3:2. Bununla da paytaxt təmsilçisi ümumilikdə 15-ci, səfərdə isə 5-ci qələbəsini qazandı.
Digər yaddaqalan məqam isə təmsilçilərimizin 3-cü dəfə səfər etdiyi Maltadan “əlidolu” gəlməsi oldu. Daha öncə “Xəzər Lənkəran” burada “Silma” ilə bərabərə qalmışdısa (1:1), “Qarabağ” “Valetta”nı minimal hesabla (1:0) üstələmişdi. 2 dəfə ölkəmizə səfər edən maltalılar, ümumiyyətlə, xalsız və qolsuz vətənlərinə qayıdıb.
“Baltsan”ı məyus edən Rəhman Hacıyev və Ruslan Qurbanov isə avrokuboklarda qol hesabını açdılar. Penaltidən qola imza atan Qurbanov avrkuboklarda 11 metrlik zərbəni dəqiq yerinə yetirən 4-cü “Neftçi”li oldu. Ona qədər 2005-ci ildə Vadim Borets Belçika “Anderlext”ini, Julius Vobay Gürcüstan “Zestafoni”sini, Mahir Şükürov isə Kipr APOEL-ini məhz bu şəkildə məyus etmişdi.
“Neftçi” ilə yanaşı digər təmsilçimiz “Qəbələ”də meydana çıxıb. Bakılılardan fərqli evdə Gürcüstan “Samtrediya”sının daşını-daş üstə qoymayan “qırmızı-qaralar” avrokubok tarixində ən böyükhesablı qələbəsini qazanıb – 5:1. Bu qalibiyyət əyalət təmsilçisinin qitəmiqyaslı turnirlərdə 4-cü zəfəridi. Bütün hallarda komanda Roman Qriqroçukun rəhbərliyi altında doğma divarlar arxasında sevinib. Bununla da onlar avrokuboklarda 8 matçlıq qələbə həsrətinə son qoyub. “Qırmızı-qaralar” son zəfərini ötən il Kipr “Apollon”u üzərində qazanmışdı – 1:0.
“Qəbələ” təmsilçilərimiz arasında rəqibini 5 dəfə məyus edən 2-ci komanda oldu. İlk dəfə bu sevinci bizə 4 il əvvəl “İnter” yaşatmışdı. O zaman, ”bankirlər” Estoniyada “Trans”ı 5 cavabsız qolla məyus etmişdi.
Matçda hesabı açan Voyislav Stankoviç ilk avrokubok qoluna imza atdı. 2-ci qolun müəllifi Sergey Zenyov isə “Qəbələ”nin heyətində 3-cü dəfə rəqib qapısnın torunu silkələməklə yadda qaldı. O, əvvəlki qollarını da məhz “Bakcell Arena”da vurmuşdu. “9 nömrə"nin ilk qurbanı Serbiya “Çukariçki”si olmuşdu. Estoniyalı oyunçu məhz bu komandanı Bakıda 2 dəfə meydanın mərkəzinə dəvət etmişdi.
Qəbələlilərin debütantı Teo Luis Uiks isə Zenyovun 1 ildə etdiyini 90 dəqiqə ərzində bacardı. Het-trik edən liberiyalı futbolçu avrokuboklarda bu uğura atmış 3-cü oyunçumuz oldu. Maraqlıdı ki, bütün qeydə alınan het-triklərmizdə gürcü izi tapmaq mümkündü. Teo Uiksdən öncə bu sevinci bizə yaşatmış Ernst Nfor da 2 il əvvəl səfərdə bu ölkənin başqa bir təmsilçisi “Çixura” ilə oyunda rəqibini 3 dəfə məyus etmişdi. Rəqib futbolçu Georgi Datunaşvilinin isə heç bəxti gətirmir. Yarımmüdafiəçi həm Nforun, həm də Uiksin het-trik etdiyi görüşlərdə meydanda bizimkilərə qarşı mübarizə aparıb. Digər analoji uğur isə uzaq 2000-ci ildə qeydə alınıb. Amma bu oyunda gürcülər məyus olmayıb. Əksinə, gürcü futbolçu Badri Kvaratsxeliya “Şəmkir”in heyətində Çempionlar Liqası maçında Latviya “Skonto”sunu 3 dəfə məyus etmişdi.
Hər iki qarşılaşmanın keçirildiyi 30 iyun gününü isə klublarımız üçün düşərli saymaq olar. Çünki bu tarixdə təmsilçilərimiz heç vaxt məğlub olmayıb:
2007. “Daçiya” (Moldova) 1:1 “Bakı” – İntertoto Kuboku (İK)
2011. “Banqa” (Litva) 0:4 “Qarabağ” – Avropa Liqası (AL)
2011. “Olimpik-Şüvəlan” 1:1 “Minsk” (Belarus) – Avropa Liqası (AL)