"Neftçi"nin heyətinə yeni qatdığı Vançe Şikov bakılılara çox baha başa gəlib. “Futbolinfo”nun məlumatına görə, təmsilçimiz ona aylıq 28 min avro maaş verəcək. 100 min avronu öncədən alan Makedoniya millisinin üzvü ilə anlaşmaya görə, o, ümidləri doğrultsa, məbləğ yeni mövsümdə daha 2 min artırılacaq.
 
Əslində, bu məbləğ hardasa gözləniləndi. “Qarabağ”ın aparıcı futbolçularının illik təqribən yarım milyon aldığını, “Qəbələ”də də bu mövsümədək oyunçulara 350-450 min dollar aralığında maaş verildiyini nəzərə alsaq, Şikova verilən pul bazar qiymətləri daxilindədi. Amma məsələ ondadı ki, dünya futbolunda adətən müdafiəçilər daha ucuz dəyərləndirilir, bu baxımdan da illik 280 min avro bir qədər böyük məbləğ sayılmalıdı.
 
Ola bilsin, “Neftçi” bu müqaviləyə Vançenin karyerasını nəzərə alaraq razılaşıb. Bir sıra yunan klublarında oynayan, ölkəmizə də Avstriya nəhəgi “Austriya”dan gələn Şikov bahalı oyunçudu. Ancaq o da var ki, “Neftçi”nin maliyyə siyasətində bu transfer xaos yarada bilər. Axı, yeni transferlərdən olan qapıçı Krşevan Santini makedoniyalının bir aya qazanacağını il ərzində əldə edəcək. Onun 3 min dollar aylıq maaşa razılıq verməsi yəqin ki, səviyyəsinə görədi.
 
Ümid edirik ki, belə maaş siyasəti sabah futbolçular arasında ayrışeçkiliyə səbəb olmayacaq. Çünki komanda o vaxt güclü olur ki, futbolçular aşağı-yuxarı eyni səviyyədə olsun, əməkhaqqlarında ciddi uçurum olmasın. Bakı klubunda isə deyəsən, fərqli fikirləşirlər.
Shares: