Görməmişlik pis dostdu. Biz nə edə bilərik ki, belə qələbələr görməmişik!? Görsək də, artıq yadımızdan çıxıb. Nə vaxt azərbaycanlılar belə sevinc yaşayıb ki, dünənki 5:1-ə də loyal yanaşaydılar? Söhbət daxili yarışlardan gedirsə KİV təmsilçisi neytral və soyuqqanlı olmağa borcludu. Məsələ fərqli – beynəlxalq müstəviyə çıxdıqda isə emosiyalara sahib çıxmaq mümkün deyil. Elə matçsonrası gənc həmkarımızın “Eto bıla “Samtredia” ili sama traqediya?” (bu, “Samtredia” idi, yoxsa “əsl faciə? – müəl.) sualı da həmin sevincdən doğan hisslərin təzahürü idi. Əlbəttə, nə rəqibi kiçiltmək, nə də hörmətsiz yanaşmaq olmaz. Amma biz – azərbaycanlılar bu cür qələbələrə o qədər həsrətik ki…

5:1. Oyundan öncəki gecə heç yuxuda da bu cür sayıqlayan tapmaq mümkün deyildi. Hesab həqiqətən göz oxşayır, sevindirir, fərəhləndirir. İndi də keçək sərgilənən futbola. “Samtrdia”nın futbolçuları taktiki cəhətdən hazırlıqlı deyildilər. “Qəbələ”nin baş məşqçisi rəqibi həqiqətən əla təhlil edib, düzgün oyun strategiyası seçmişdi. Gürcülər başıalovlu hücuma keçdikdə, yaranan boşluqlardan Nika Kvekveskiri və Filip Ozobiç məharətlə yararlanırdılar. Teo Uiks və Baqali Dabo isə komandaya uyğunlaşmada çətinlik çəkirdilər. Uiksin simulyasiyaya meylli olması isə heç də xoşagələn hal deyil. İlk yarıda o, ən azından 4 dəfə bu hiyləgərliyə əl atdı. Əgər belaruslu referi onu dünən bu hərəkətlərinə görə bağışladısa, bu, o demək deyil ki, hər dəfə bu cür hoqqabazlıqlar keçəcək. Bəli, Teo het-trikə imza atmaqla möhtəşəm debüt etdi. Ancaq eyforiya hisslərindən tədricən uzaqlaşıb, real vəziyyəti dəyərləndirmək lazımdı. Liberiyalı futbolçunun vurduğu 2-ci qolu xatırlayın. Asanlıqla Baqali Daboya ötürmə edəcəyi təqdirdə, qol qaçılmaz olacaqdı. Yarımmüdafiəçi isə əvvəlcə müdafiəçini aldatdı, ardınca isə qapıçını və bucaq dərəcəsi sıfıra bərabər olan an topu ustalıqla qapıya göndərdi. Bu qədər qəliz. Doğrudu, qaliblər mühakimə olunmur. Ancaq Uiks dünən qolunu vurdu, sabah isə bu cür hoqqabazlıq ona da, komandasına da baha başa gələcək. Futbolçu bu gün qulaqburması almasa, sonra bu, Qriqorçuk un başında çatlayacaq.

Qriqorçunu Rəşad Sadiqovdan dayaq yarımmüdafiəçisi yapmaq cəhdləri bəhrə vermir ki, vermir. Futbolçu 2 ildi bu mövqedə zülm çəkir, ukraynalı isə tutduğundan əl çəkmir.  Dünənki qarşılaşma da istisna olmadı. Təmsilçimizin buraxdığı yeganə qolda isə əsas günahkar qapıçı idi. Dmitri Bezotosnı bağladığı küncü qoruya biləməklə, çərçivə xəttindən də həyəcan təbili gətirdi. “Samtredia”nı erkən qollarla susdurmaq mümkün olsa da, müdafiçilərimizin heç də inamlı görünmədiyini də qeyd etməliyik. Özü də toplum, fərdi şəkildə yox. Unutmayaq ki, bu, gürcülərin psixoloji sarsıntı altında olduqları vaxtda sezilirdi. 

İndi də “Qəbələ”nin müsbət amilləri barədə. Ötən avrokubok mövsümünə əsə-əsə başlayan klub, bu dəfə fırtına kimi əsdi. Niyə? İlk növbədə komandanın 1 il ərzində böyüdüyünü vurğulamalıyıq. “Panatinaikos”, “Krasnodar”, PAOK, “Borussiya” kimi rəqiblərlə oyunlarda bərkə-boşa düşən Qriqorçukun drujinası dünən həmin təcrübənin bəhrəsini gördü.

Komandanın uğurlu start götürməsinin ikinci səbəbi… maliyyənin azaldılmasıdı. Doğrudu, dünənki mətbuat konfransında ukraynalı mütəxəssis  ötən mövsüm rənglərinə qatdıqları heç bir futbolçunun zəif çıxış etmədiyini iddia etdi. Ancaq o, nə qədər ört-basdır etməyə çalışsa da, Aleksey Antonovun faydalı iş əmsalının rüsvayçı olmasını hətta uzaq Liviya səhralarında da bilirlər. Büdcə kəsildikdən sonra isə səviyyəsiz legionerlərin gətirilməsi mexanizmi dayandırıldı. 

Ancaq bu məqamda dayanmağa zərurət var. Məsələ burasındadı ki, “Qəbələ”nin ehtiyat oyunçular skamyasında əyləşənlər oyunun gedişatında komandanı gücləndirmək iqtidarında deyillər. Ehtiyat qüvvə yoxdusa, böyük hədəflərdən danışmaq yersizdi. Klub rəhbərliyi bu mövzuda düşünməlidi.

Yazını yekunlaşdırarkən, təmsilçimizin 1-ci mərhələni inamla adladığını indidən söyləyə bilərik. Ancaq görüləsi işlər çox, olduqca çoxdu.

CEYHUN ƏLİYEV

Shares: