Dünən həm sevindik, həm də zövq aldıq. “Qəbələ”nin Avropa Liqasında növbəti zəfərini qazanması öz yerində, bizi daha çox məmnun edən komandanın sərgilədiyi futboldu. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin inkişaf tempi göz önündədi. 

“Qırmızı-qaralar” Macarıstanın  MTK klubunu öncə səfərdə, daha sonra isə evdə məğlub etməklə, avrokuboklarda ilk ikiqat qələbələrini qazandılar (səfərdə 2:1, evdə 2:0). Bu, klub üçün tarixi hadisədi. Qələbələrin inamlı şəkildə qazanılması isə gələcəyə nikbin baxmağa əsas verir.

Bu gün üçün önəmli olan “Qəbələ”nin qələbə qazanması yox, necə qazanmasıdı. Bu mənada əyalət təmsilçisi digər Azərbaycan klublarından fərqlənir. Düzdü, “Qarabağ”la “Neftçi” də Avropa Liqasının qrup mərhələsində çıxış etməyə nail olan kollektivlərdi. Xüsusən də ağdamlılar son illər qitəmiqyaslı turnirlərdə davamlı uğurları ilə bizləri sevindirməkdədirlər. Lakin sanki “Qəbələ”də başqa bir şey var. Komandanın oyun tərzi ölkəmiz üçün yaddı. Soyuqqanlıq, yüksək ustalıq, taktiki cəhətdən savadlı oyun və məhsuldarlıq Qriqorçukun başında olduğu kollektivi daha çox avropasayağı edir.

“Qəbələ” ötən mövsüm Avropa Liqasına vəsiqə qazanaraq, tarix yazmışdı. Lakin hazırkı komanda ötənilki uğuru təkralayıb-təkrarlamayacağıdan asılı olmayaraq, daha güclü və səviyyəlidi. İlk dəfədi ki, hansısa Azərbyacan klubunun yay fasiləsində heyətə cəlb betdiyi bütün legionerlər hər kəs tərəfindən bəyənilir. Gürcü Nika Kvekveskirinini "İnter"dən tanıyırdıq.  Filip Ozobiçlə Baqali Dabo  usta futbolçu olduqlarını qısa zamanda isbatlayıblar. Teo Uiks isə sadəcə, möhtəşəmdi! Başqa sözə gərək yoxdu. Təsadüfi deyil ki, III təsnifat mərhələsi ərəfəsində yarışın bomardirləri siyahısında Uiks, İvan Triçkovski (AEK, Kipr) və Marko Mariçdən (“Lokomotiv”, Xorvatiya) ibarət “üçlük” zirvəni bölüşür.

Komanda indi taktiki cəhətdən daha savadlı, soyuqqanlı və təmkinli oynayır. “Qəbələ”nin müdafiədən hücuma sürətli çıxışı da göz oxşayır. Ümumiyyətlə, hazırda “qırmızı-qaralar”ın əsasən ön xəttdəki fəallığı diqqət çəkir. Qriqorçukun yetirmələri irəlidə sərbəst və yaradıcı oynayırlar ki, bunu da istər Gürcüstanın “Samterdia”, istərsə də Macarıstanın MTK klubları ilə duellərdə gördü. Təmsilçimiz rəqiblərini heç bir şans vermədən, azarkeşlərimizə həyaca yaşatmadan hər iki komandanı mübarizdən kənarlaşdırdı. Qarşıda isə “Lill” var. Fransa klubu nə “Samtredia”dı, nə də MTK. Ancaq “Qəbələ” də həmin “Qəbələ” deyil.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp