Avropa Liqası ilə vidalaşan "Neftçi" Bakıda "isti" qarşılanıb. Bakı klubunun 50-yə yaxın azarkeşi onlarla elə hava limanındaca haqq-hesab çəkmək istəyib.
 
Futbolinfo.az xəbər verir ki, "Neftçi" azarkeşləri sosial şəbəkələrdəki səhifələrində komandanı boykot etmək, rəhbərlikdən hesabat tələb etmək üçün aksiyaya hazırlaşdıqlarını bildirmişdi. Fanatlar birləşərək komandanı hava limanında qarşılamaq niyyətində idi.
 
Bu barədə "Forza" fan-klubunun səhifəsində yerləşdirilən statusa diqqət edək:
BÜTÜN FORZA ÜZVLƏRİNİN VƏ NEFTÇİ AZARKEŞLƏRİNİN NƏZƏRİNƏ!
Bu gün saat 20:00-da komanda Bakida olacaq. Öz sözümüzü gedib demək üçün aeroporta gedirik. Özünə Neftçi azarkeşi deyən, bu hadisələrə biganə qalmayan hər bir kəsi gözləyirik. Saat 18:00-da Koroğlu m/s (Piramida çıxışı) yığışırıq.
 
Bu çağırışa müxtəlif fan-klubların üzvləri səs verib və 50-yə yaxın azarkeş az öncə Binə hava limanında komandanı qarşılayıb. Baş məşqçi Vəli Qasımovu, eləcə də klubun Müşahidə Şurasını istefaya səsləyən fanatlarla komanda arasında gərgin anlar yaşanıb.
 
Müşahidə Şurasının üzvü Səməd Qurbanovla söhbətdən sonra fanatlar Qasımovdan hesabat tələb edib. Baş məşqçi uzun söhbətdən sonra azarkeşlərdən nə təklif etdiklərini soruşub, onlar isə Vəli bəyə "yaxşı futbolçu olmusan, amma məşqçilik sənlik deyil, çıx, get" deyə müraciət ediblər. İcraçı direktorun müavini Mübariz Xudiyevlə söhbət isə daha gərgin alınıb və az qala əlbəyaxaya çevriləcəkmiş. "Neftçi" əməkdaşlarının və fan-klubun daha sülhsevər üzvlərinin müdaxiləsindən sonra insidentin böyüməsinin qarşısı alınıb.
 
Fanatları oradan uzaqlaşdırmaq istəyəndə isə azarkeşlər oturaq aksiyaya başlayıb, tələbləri yerinə yetirilməyincə avtobusun qarşısından çəkilməyəcəklərini bildiriblər. Amma istənilən halda aranı sakitləşdirmək mümkün olub və komandanı gətirən avtobus hava limanını tərk edib.
Shares: