Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” matçı bizim üçün uğursuz, bəlkə də qərəzli sayıla biləcək referiyə tapşırılıb. Futbolinfo.az xəbər verir ki, indiyə kimi təmsilçilərimizin 3 oyununa təyinat alan Aleksandr Stavrevin idarə etdiyi görüşlərdə komandalarımız bütün matçlarda məğlub olmaqla yanaşı, xala da həsrət qalıb.
UEFA-nın elit kateqoriyalı hakimlər qrupuna daxil olan referinin hər 3 halda yolu əsas milli komandamızla kəsişib. O, ilk dəfə 2008-ci ilin sentyabrda millimizin DÇ-nin seçmə mərhələsi çərçivəsində “Millenum”da Uelsə məğlub olduğu matçda (0:1) komandamızın qapısına penalti təyin etsə də, Kamran Ağayev Kumasın zərbəsini dəf etmişdi. Daha sonra yığmamızın futbolçusu Luis Fabio Ramimi meydandan qovub, millimizi azlıqda qoyan Stavrev ümumilikdə həmin oyunda çıxardığı 8 sarı vərəqədən 6-nı məhz bizimkilərə göstərmişdi. Həmin matçda təmsilçimizin heyətində olanlardan yalnız Rəşad Sadıqov hazırda “Qarabağ”ın heyətindədi. 8 il öncə penaltiyə səbəbkar olan kapitan makedoniyalı referinin xəbərdarlıq etdiyi 6 oyunçudan biri idi.
2006-cı ildən FİFA referisi statusunu daşıyan 40 yaşlı fit sahibi 2-ci dəfə 2010-cu ilin noyabrında yığmamızın səfərdə Çernoqoriya ilə yoxlama görüşü çərçivəsində keçirdiyi oyunda (0:2) ədaləti qoruyub. Həmin matçda Stavrevin sarı vərəqə göstərdiyi 3 futbolçudan 2-i məhz millimizin payına düşüb. Hazırda ağdamlıların şərəfini qoruyanlardan yalnız 2 futbolçu – Rahid Əmirquliyev və Vüqar Nadirov həmin görüşdə meydana çıxıb ki, məhz referinin qəzəbinə tuş gələnlərdən biri də Əmirquliyev olub.
Bundan 2 il sonra – 2012-ci ildə Staverin yolu yenə millimizlə kəsişib. Bu dəfə Rusiya ilə səfər görüşündə onun verdiyi yanlış qərar matçın taleyini həll edib. 83-cü dəqiqədə cərimə meydançasının çölündə Əli Gökdəmirin Vladimir Bıstrova qarşı etdiyi kobudluğu referi səhvən penalti kimi dəyərləndirib. Məhz bundan sonra Roman Şirokovun “ağ” nöqtədən vurduğu qol matçda həlledici olub. Bu oyunda da futbolçulara göstərilən 5 sarı vərəqənin 80 faizi – 4-ü bizim futbolçuların aktivinə yazılıb. Onun xəbərdarlıq etdiyi oyunçulardan Maksim Medvedev və Vüqar Nadirov Plzendə keçiriləcək görüşdə referi ilə üzləşəcək. Moskvadakı görüşü ehtiyat oyunçular skamyasından izləyən Bədavi Hüseynov və sonradan meydana daxil olan Rahid Əmirquliyev “Qarabağ”ın heyətindədi.
Makedoniyalı bundan başqa, 1 dəfə də “Viktoriya”nın matçını idarə edib. O, çexiyalıların ÇL-in 2011/12 mövsümündə qrup mərhələsi çərçivəsində “Nou Kamp”da “Barselona”ya məğlub olduğu (0:2) görüşdə ədaləti qoruyub. “Qarapaltarlı” bu matçda vərəqədən istifadə etməyib.
Ümumiyyətlə, karyerası ərzində o, idarə etdiyi 68 oyunda futbolçulara 267 sarı, 16 qırmızı vərəqə göstərib. 9 dəfə isə qapılara penalti təyin edib.