“Qəbələ” ciddi yanaşmağı tələb edən komandadı. Rəqibimiz aqressiv oyuna üstünlük verir”. Futbolinfo.az xəbər verir ki, bu sözləri “Lill” klubunun futbolçusu Erik Boteak deyib.
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq fransalılar hazırlıqlarını davam etdirirlər.
Klubun saytına açıqlama verən Boteak “Qəbələ” barədə fikirlərini bildirib. O qeyd edib ki, Azərbaycan təmsilçisi ilə oyunlar onlar üçün heç də asan olmayacaq: “Növbəti mərhələyə keçmək üçün “Qəbələ” ilə hər iki matçı yaxşı keçirmək lazımdı. Hazırlığımızı məhz bu istiqamətdə davam etdiririk. Bizim üçün avrokubok macərası gələn həftədən başlayır. Real gücümüzü orda görəcəyik. Odu ki, güclü olmalıyıq”.
29 yaşlı yarımmüdafiəçi yeni mövsümə fiziki cəhətdən tam hazır olduqlarını əlavə edib: “Son yoxlama matçında “Beveren” üzərində qələbə (1:0) qazandıq. Bu, bizim üçün çox yaxşı oldu, özünəinam hissimizi bir qədər də artırdı. Dediyim kimi, gələn həftə avrokubokda rəsmi oyuna çıxacağıq. Buna hazırlıqlı olmalıyıq. Baş məşqçinin tərtib etdiyi proqramdan sonra fiziki hazırlığımız daha da yaxşılaşıb. Son yoxlama matçı da bunu təsdiqlədi”.
Qeyd edək ki, “Lill”in “Qəbələ” ilə ilk oyunu iyulun 28-də Fransada keçiriləcək. Bu komandalar arasındakı cavab qarşılaşması isə 1 həftə sonra Bakıda baş tutacaq.