"Mini Futbol Liqası" şirkəti (MFL) yerli futbol azarkeşlərini ikinci dəfə məhəllədən meydana dəvət etdi. İndi həvəskar futbolçular öz güclərini küçələrdə yox, meydanlarda göstərəcəklər.
Artıq onların oynamaq üçün meydanı, mübarizə aparmaq üçün rəqibləri, qalib olmaq üçün səbəbləri var! İkinci çempionat "MFL San-Marino Kuboku" adlanır. Həvəskar futbolçuların kubok çempionatının bu dəfəki qaliblərini MFL San-Marino – Azərbaycan oyununu izləməyə göndərəcək!
Qeyd edək ki, turnirin qalib komandasının bütün üzvlərinin aviabiletləri, mehmanxanada qalmaq və oyuna bilet xərcləri MFL şirkəti tərəfindən qarşılanır.
II MFL kubokunun qeydiyyat mərhələsi bu ayın 5-də başladı və 18-də yekunlaşdı. Bakının bütün regionlarından çempionata qatılmaq üçün müraciətlər olundu. MFL şirkəti çempionata olan marağı nəzərə alaraq, kubokun "ikinci dalğası"nda komanda limitinin sayını 32-dən 40-a qaldırdı. İyulun 22-də isə MFL San-Marino Kubokunun püşkü atıldı.
Qeydiyyatdan keçmiş komandaların kapitanları və oyunları idarə edəcək hakimlərin iştirakı ilə keçirilən püşkatmada komandalar 8 qrupa bölündü və hər qrupda 5 komanda yer aldı. Komandalara çempionatın reqlamenti və qaydaları izah olundu.
Qeyd edək ki, kubok çempionatının ilk oyunu iyulun 24-də keçiriləcək. Turnir avqustun 20-nə kimi davam edəcək.
"San Marino Kuboku" çempionatının təşkilatçıları MFL şirkəti və "Sport Marketing Group" – SMG şirkətidir. Oyunlara ev sahibliyini isə "Sportster" idman meydançaları edir. İkinci kubokdan sonra MFL 1 illik tamhəcmli turnirə start verəcək. Bu turnirin qalibi ən güclü mini futbol komandası adını qazanacaq.