“Zirə”nin baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis yay hazırlığı və komandanın durumu haqda fikirlərini bölüşüb:
– Komanda hazırlığa Bakıda başladı. Toplanışın ilkin mərhələsini necə dəyərləndirərdiz?
– Bakıdakı hazırlıq zamanı əsas məqsəd komandanın ümumi dözümlülüyünü artırmaq idi. Bu mərhələni zədəsiz başa vurmaq da çox vacibdi. Sevindirici məqam ondan ibarətdi ki, əsas işimizi görməklə yanaşı, həmin mərhələdə zədələr də olmadı. Bu gün də görürük ki, uzun fasilədən sonra komandanın ümumi dözümlülüyü normal səviyyədədi.
– Komandada bir çox dəyişiklik oldu. Əsasən də legionerlərlə bağlı vəziyyət belədi. Ötən ilki heyətlə müqayisə edəndə hansı nəticəyə gəlmək olar?
– Elə də böyük dəyişiklik olmayıb. Yalnız legionerlərdə fərqlər var. Ötən mövsüm daha çox tanıdığımız əcnəbilərə üstünlük vermişdik. Bu dəfə isə vəziyyət fərqlidir. Təkcə Yovan Krneta ötən mövsüm bizimlə olub. Digər legionerlərə gəlincə, əvvəlkilərdən ustalıq səviyyələrinə görə qismən də olsa, üstündülər. İşə yanaşmaları yaxşıdı və bu günə qədər özlərini əsl peşəkar kimi göstəriblər.
– Türkiyə toplanışı daha öncə gerçəkləşməli idi. Ancaq məlum hadisələr üzündən hətta ləğvi haqda qərar verilmişdi. Yenidən Bolu toplanışının gündəmə gəlməsi və komandanın bura üz tutması fikri nədən qaynaqlandı?
– Türkiyədə baş verən hadisələr bizi üzdü və təbii ki, təhlükəsizlik baxımından həmin vaxt bura gəlməyimiz düz olmazdı. Amma sevindiricidi ki, qardaş ölkədə tezliklə hər şey qaydasına düşdü. Biz də xüsusi ilə, yoxlama oyunları üçün yaxşı rəqib seçimi baxımından Boluya gəlmək qərarı verdik. Klublarımızın bir neçəsi ölkə xaricində təlim-məşq toplanışındadı. Avropa kuboklarında çıxış edənlər də var. Bu üzdən ölkə daxilində rəqib tapmaq çətin idi.
– Bir neçə gündür, Bolu toplanışı davam edir. Hazırlıq necə gedir və ümumiyyətlə, bu günlər ərzində istədiyinizi ala bilmisizmi?
– Bu haqda məşqçilər heyəti ilə danışanda, görürük ki, biz istədiyimiz bəzi şeyləri komandadan ala bilirik. Komanda tam hazır olmasa da, buna doğru gedir. Təbii ki, həll olunması vacib bir çox problemlər var, amma tədricən buna nail olacağıq.
– İyulun 25-də yoxlama oyununuz var. Bu oyun heyətin müəyyənləşməsi və oyun üslubunun aşılanması baxımından ilkin fikir yarada bilərmi?
– Bakıda üç yoxlama oyunu keçirdik və bu qarşılaşmalarda da futbolçuların yavaş-yavaş oyun üslubunu qavradığını gördük. Ümid edirəm, bu qarşılaşmada əvəzecilərimizlə oyundakından daha yaxşı komanda görəcəyik.
– Bildirmişdiz ki, heyətdə yeniliklər olacaq. Bu yeniliklər nədən ibarət ola bilər və hazırda yeni futbolçuların transferi ilə bağlı dəyişiklik varmı?
– Hazırda bir-neçə futbolçu ilə danışıqlar aparırıq. Dəqiqləşən kimi bu haqda açıqlama veriləcək. Hucum və yarımmüdafiəni gücləndirməyi düşünürük.