Hava limanında "Neftçi"ni top-tüfənglə qarşılayan azarkeşlər aksiyalarının nəticəsini gözləyir. Ümid edirlər ki, paytaxt klubunun rəhbərliyi onların çağırışına səs verib, Vəli Qasımovu istefaya göndərəcək.
"Şkendiya"ilə Avropa Liqası matçında 0:1 hesablı məğlubiyyət azarkeşlərin birdən-birə belə coşmasına səbəb ola bilməzdi. Sözügüdən aksiya bir ildən çoxdu komandada davam edən düşüşün hesabını istəmək cəhdi idi. Hərçənd bəzən hətta oyunlara gəlməyən, aeroporta isə xüsusi avtobus tutub gedən fanatların bu addımında gizli qüvvə axtarışına da çıxmaq olar. Ancaq hətta belə də olsa, azarkeş hər zaman haqlıdı, etiraza da sevimli komandalarını daha yaxşı görmək üçün əl atıblar.
Azarkeşlər etiraz etdi, baş məşqçinin istefasını istədi. Klub təbii ki, buna biganə qalmayacaq, daha yaxşı olması üçün nələrsə edəcək. Lakin nə?
Qərar vermək "Neftçi"nin Müşahidə Şurasının işidi və qurum üzvləri bir araya gəlib bunu müzakirə edəcəklər. Zamanını bilmirəm, yəqin çox uzağa qalmaz. Amma yekun qərar ciddi müzakirə olunmalıdı, "azarkeşlər istəyir" deyə məşqçi qovmaq elə klubu fanatların idarə etməsi sayılacaq.
İndiki halda hədəf Vəli Qasımovdu. Hamı uğursuz nəticələrə görə baş məşqçini qınayır. Bəli, səhvləri var, lakin bütün bunlar onu "günah keçisi" seçməyə səbəb olmamalıdı.
Şəxsi qənaətimdi: Qasımovun ən böyük günahı Vançe Şikov transferidi. Vəli bəy əlinin altında Jairo, Elvin Bədəlov və Rahil Məmmədov kimi mərkəz müdafiəçiləri ola-ola bu oyunçunun keçidini təkidlə tələb etməməliydi. Onsuz da məhdud olan büdcə hücumçu transferinə yönəldiməliydi. Çünki komandada bir nəfər də olsun təmiz forvard yoxdu. Şikovun 4 avrokubok matçının üçündə səhvlərlə yadda qalması, üstəlik, son matçda meydandan qovulması heç yerinə düşmədi. Bu, Qasımova da ciddi zərbə oldu.
"Şkendiya" hər nə qədər zəif olsa da, Polşanın seçilən komandalarından birini darmadağın edərək "Neftçi"yə rəqib olmuşdu. Və insafən bakılılar sırf kadr çatışmazlığı səbəbindən bu komandaya uduzdu. Qasımov əlindəki materiala görə heyət qurdu, hücum potensialı olmadığından müdafiə olunmağa məcbur kollektiv isə makedoniyalılarla görüşlərdə bircə səhvə yol verdilər. Halbuki 10 nəfərlə qalan "Neftçi" son saniyələrə kimi mərhələ keçmək şansını saxlayırdı.
Hamı Qasımovu günahlandırır, heç kim futbol oynamağı çoxdan unudan Araz Abdullayevi, Ruslan Qurbanovu yada salmır, 3 ildi yalnız maaş alan Cavid İmamverdiyevi xatırlamır. Halbuki Cavid son dəqiqələrdə əlinə düşən yüzfaizli şansı boşa verməsəydi, indi başqa mətləblərdən danışır, Vəli bəyi uğurlu əvəzetməyə görə təbrik edirdik. Kiyev "Dinamo"sunun əvəzedici heyətinə (!!!) baxışa gedəndən bəri beyni yerində olmayan, aylıq 10 min dolları heç nə etmədən qatlayan İmamverdiyev həmin azarkeşlərin qarşısına çıxıb üzr istəməli, məsuliyyəti boynuna götürməli idi. Axı, məşqçisi məhz belə etmişdi.
Hamı Qasımov haqda danışarkən ironik ifadələrə üstünlük verməyə çalışır, bu adamı sanki aşağılamağa cəhd edirlər. Axı, niyə? O ki Azərbaycanın ən uğurlu legioner karyerası yaşamış insandı, sıradan biri deyil, əla futbolçu karyerası olub. "Yaxşı futbolçu adətən yaxşı məşqçi olmur" deyimini xatırlatmağa tələsməyək, əvvəlcə onun özünü göstərməsinə şans verək. Hansı məşqçimiz karyerasına başlayanda Çempionlar Liqasını qazanıb?
Qurban Qurbanov da belə başlamışdı, Tərlan Əhmədov da, Əsgər Abdullayev də. Rövnəq Abdullayev, Ramin Musayev, sonra isə "Qarabağ" rəhbərliyi dəstək verdi, daim arxasında dayandı və Qurbanov bu gün ölkənin ən yaxşısıdı. Əhmədovun AZAL-ı az qala ötən mövsüm yarılanana kimi qol da vumamışdı. Lakin rəhbərlik güvəndi, arxasında dayandı və "təyyarəçilər" ən kiçik büdcə ilə az qala avrokuboka qatılacaqdı.
Vəli bəyin bu gün hədəfdə olmasının başqa bir səbəbi də təvazökarlığıdı. 5 qəpiklik futbol oynamayanlar bu gün İcraiyyə Komitəsində, müxtəlif vəzifələrdə kreslo sahibidi, hər dəfə də ağzını açanda "mən, mən" deyir. Qasımov isə heç vaxt İspaniyada, Portuqaliyada oynamasını gözə soxmayıb, hər dəfə ən çətin məqamlarda məsuliyyəti üzərinə götürür. Əkbər Hacıyevin dönəmində "Neftçi"də heç bir günahı olmadan günahkar sayıldı, amma kimsəni nişan vermədi, sakitcə kölgəyə çəkildi. İndi də eyni şeyi edir.
Bugünə kimi bu məşqçinin dilindən başqasını zərbə altında qoyacaq bir kəlmə eşitməzsən. Komanda avrokuboka hücumçusuz başladı, heç bir ciddi transfer edilmədi, bütün səviyyəli legionerlər göndərildi, lakin heç birində Qasımovdan şikayət eşitmədik, komandaya, futbolçulara sahib çıxdı. Cavid o qolu Böyükağa Hacıyevin vaxtında qaçırsaydı, evə sağ dönməzdi. Hacıyev ya onu boğub öldürər, ya da az qala hər gün bütün günahı futbolçunun boynuna yıxıb, şikayət edər, özünü təmizə çıxardardı. Vəli bəysə Cavidin müdafiəsinə qalxdı və "qolu vursaydı, indi hamı onu qəhrəman sayırdı" dedi.
Qərar vermək Müşahidə Şurasının işidi. Güman ki, "Neftçi" rəsmiləri bu nüansları nəzərə alacaq. Vəli Qasımov mükəmməl məşqçi deyil, amma lazımi dəstəyi görsə, komandanı hədəfinə çatdıracaq gücdədi. Onsuz da indiki vəziyyəti ilə heç kim bakılıları daha yaxşı vəziyyətə gətirə bilməz. Mən hələ bu heyətlə kimsənin risk edib ona xələf olacağına da inanmıram. Əcnəbi? "Neftçi"nin pulu olsaydı, avrokuboka hücumçusuz getməzdi. Və ya Qasımov üçün normal transferlər edib indi də ondan hesabat tələb edərdi.
Hər şey maliyyəyə bağlıdı. Mövcud imkanlarla nəyisə dəyişməyə gərək yoxdu. Həm də nəzərə alaq ki, bir həftədən sonra milli çempionat başlayır, yeni gələn isə vaxt istəyəcək və komandanı təzədən qurmaq növbəti uğursuzluqların sığortası olacaq.
"Qarabağ" nümunəsi göstərir ki, sabitlik uğurun açarıdı. Ötən mövsüm 3 dəfə məşqçi dəyişən bakılılar bunun acısını çəkdi. İllərin təcrübəlisi Əsgər Abdullayev də daha güclü heyətlə komandanı toparlaya bilmədi. Hətta AFFA prezidenti Rövnəq Abdullayev də "Neftçi"dən söz düşəndə uğursuzluğun səbəbi kimi tez-tez məşqçi dəyişmələrini nişan vermişdi. O zaman növbəti səhvə nə gərək var? Kanales, Vobay, Flavinyo, Stamenkoviç, Ramos, Kaue, Bertuççi kimi legionerlərsiz qalan komandayla kim daha yaxşısını bacara bilər?
Azarkeşlərin narazılığı təbiidi. Onlar Avropada uğurun cığıraçanı olan "Neftçi"nin indi "Qarabağ"ın, "Qəbələ"nin kölgəsində qalmasını həzm edə bilmirlər. Ancaq reallığı nəzərə almaq vacibdi, indi imkanlar həminki deyil, keçid dövrünü səbrlə ötürmək, sponsorların yenidən səxavət kisəsini aça biləcəkləri günü gözləmək lazımdı. Himayədarları da qınamaq olmur, onlar da gücünü 80 yaşlı kluba baza tikməyə yönəldib. Milyonların dövr etdiyi zamanlarda pulu əcnəbilərin cibinə dolduranlar ən vacib şeyləri unudub və o da məhz bu sıxıntılı günlərdə aktuallaşıb. Bu səbəbdən müvəqqəti uğursuzluqlara daha yaxşı perspektiv üçün göz yummağa dəyər. Baş məşqçinin istefası "Nneftçi"ni çempion etməyəcək.
Macarıstan nəhəngi MTK "Qəbələ"yə hər iki oyunda uduzdu, məşqçisinin istefası yada düşdümü? Son illər yüksəlişdə olan Qazaxıstanın təmsilçisi "Kayrat" mərhələ adlaya bilmədi, Azərbaycanda az qala dahi sayılan Kaxaber Tsxadadzenin xətrinə dəyən oldumu? Daha minimal imkanlara sahib Vəli Qasımovdan nə istəyirik? Komandanı aeroportda qarşılayaraq etirazını bildirmək kimi kreativ düşüncəyə malik azarkeşlər soyuq başla düşünüb, bu sətirlərdəki həqiqətlə razılaşacaq.
AĞA