Azərbaycan klublarına legioner futbolçuların axını çox normal bir haldır. 2004-cü ildən bu yana ölkəmizə gələn legioner axını daha da sürətləndi hətta elə bir hal meydana gəlmişdi ki, bir komandanın start heyətində maksimum halda əcnəbi futbolçu çıxış edirdi. Amma eyni tendensiya əks istiqamətdə heç vaxt yaşanmayıb. Ölkədən çıxan bir iki nəfər oyunçu isə bizim gözümüzdə bir qəhrəman kimi canlanıb. Bu günün və əminliklə deyə bilərik ki son illərin qəhrəmanı Budaq Nəsirovdur…
Çünki ən maksimum halda Rusiya və Türkiyə yüksək liqasında futbolçularımız çıxış edib. Budaq Nəsirov isə Portuqaliyaya üz tutdu. Elnur Cəfərovun ardından Budaq Nəsirovu da Ronaldonun vətənində görəcəyik. Sadəcə bir fərq var – Budaq Nəsirov dünya səviyyəsində tanınmış "Sportinq Lissabon”un oyunçusudur. Tovuz futbol məktəbinin yetirməsi olan Budaq bu gün dünya futboluna ulduzlar bəxş edən "Sportinq”lə 5 illik müqavilə imzaladı. Futbolçunun Portuqaliya təmsilçisi "Sportinq”ə keçidinə vasitəçi olan tanınmış FİFA menecerimiz Vaqif Heydərli saytımıza açıqlamasında bildirdi ki, futbolçunu Portuqaliyada çox yaxşı qarşılayıb ona ümid etdiklərini bildirdilər.
Qeyd edək ki, əsası 1906-cı ildə qoyulan "Sportinq” Portuqaliyanın ən köklü klublarından hesab olunur. UEFA reytinqində hazırda 34-cü olan klub ötən mövsümdə Portuqaliya ikincisi olub. Baş məşqçisi Jorji Jezuş kapitanı Rui Patrisio olan komanda ev oyunlarını 50 049 tamaşaçı tutumuna malik Joze Alvalade stadionunda keçirir. Komanda 110 illik tarixi ərzində 18 dəfə ölkə çempionu 16 dəfə ölkə kubokunun qalibi olub. Ölkə çempionatında 24 dəfə gümüş, 13 dəfə bürünc medala sahib çıxan "Sportinq” 13 dəfə ölkə kubokunun finalında uduzub. Budaq Nəsirovun komandası 8 dəfə Superkuboka sahib çıxıb. "Sportinq”in beynəlxalq aləmdə uğuru da kifayət qədərdir. Eyni zamanda, "Sportinq”in yetirmələri Portuqaliya millisinin heyətində əsas söz sahibləridir. Sonuncu Avropa çempionlarının heyətində "Sportinq”in 4 oyunçusu yer almışdısa (Rui Patrisio, Juan Mariu, Vilyam Karvalyo, Adrien Silva), bu komandanın yetirmələrinin sayı ümumilikdə 11 idi. Bu isə o deməkdir ki, Azərbaycan milli komandasının üzvü Avropa çempionatı ilə birgə çıxış edəcək ki, bu da indiyə qədər heç bir futbolçumuza nəsib olmayıb. Futbol11