Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ” evdə Fransanın “Lill” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu görüşə qarşı tərəfin azarkeşləri maraq göstərmir.
Klubdan əldə etdiyimiz məlumata görə, sözügedən görüşdə “itlər” azarkeş dəstəyindən məhrum olacaq. Qarşı tərəf “qırmızı-qaralar”dan fransız azarkeşlərə yer ayrılması ilə bağlı sorğu göndərməyib. Klubun mətbuat katibi Anar Hacıyevdən aldığımız məlumata görə, sözügedən ölkədən oyunu işıqlandırmaq üçün Bakıya gələcək jurnalistlərin sayı hələ ki, dəqiq bilinmir. Amma çox güman ki, bu say elə də çox olmayacaq.
Qeyd edək ki, “Qəbələ” – “Lill” matçı avqustun 4-də keçiriləcək və saat 21:00-da start götürəcək.