Şənbə axşamı, 19:40 – Bakı Olimpiya Stadionunun ərazisində qələbəlikdi. Yüzə yaxın insan stadionun ərazisində yerləşən kiçik ölçülü meydançaların ətrafına toplaşıb. Saat 20:00-dan etibarən bu meydançalarda "qırğın" başlayacaq. MFL-in təşkilatçılığı ilə keçirilən "San-Marino" Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində 6 qarşılaşma baş tutacaq…

Tanış simalardan ilk rastlaşdığımızın Ayaz Əhmədov olur. Turnirin təşkilatçısı olan SMG-nin baş direktoruyla qısa dialoqdan sonra yenicə yaranmış "Səbail" klubunun Müşahidə Şurasının sədri Yusif Həsənovla üz-üzə gəlirik. Yarım saata yaxın davam edən söhbətimiz zamanı "Arandan vurub, Turandan çıxdıq". Maraqlıdı ki, saat 23:00-da klub rəhbəri özünün yığdığı komandayla süni örtüklü meydançaya çıxacaqdı. Onun komandasında baş məşqçi Elman Sultanov da yer alması da diqqət çəkən məqamlardandı. Ancaq bu söhbət əsnasında Azərbaycan futzalının canlı əfsanəsini görmək xoş bir təsadüf idi… 

Məmməd Zeynalovu köhnə nəslin futzal azarkeşləri unuda bilməz. Öz səliqəli və hiyləgər oyunuyla minlərlə futzalsevərin rəğbətini qazanmış "Anqlooyl"un sabiq kapitanı, indi "gözünün qurdunu öldürməyə" gəlib. "Səbail" rəsmiləri ilə söhbətimiz nə qədər maraqlı alınsa da, Zeynalovun komandası meydançaya çıxarkən, "bağışlayın, mən bu oyuna yaxından baxacam" dedim…

Bəli, Məmməd meydanda az oldu ki, bu da başadüşüləndi. Ancaq onun topla rəftarı 20 ildən sonra yenidən ilk sevgilisini rast gələn saçı ağarmış ağsaqqalı xatırladırdı. Əlbəttə ki, burda "sevgili" obrazında top idi. Əlbəttə ki, artıq "sevgi qatarı" gedib və bu "xanım" başqasına nəsib olub. İndi meydan gənclərindi. Ancaq futbol tək sürət hesabına oynanılsaydı, Üseyn Bolt təkbaşına bütün futbol yığmalarını məğlub edərdi. Zəka – budu futbolun vizit kartı! Buyurun, bu da dediklərimizə sübut. Budur, top Məmmədə ötürülür. Onun üzərinə iki müdafiəçi şığıyır… Zeynalov topa toxunmur, onu cinahdan irəliləməli olan komanda yoldaşına buraxır. Bəli, dostu veteran futzalçını həmin epizodda başa düşmədi. Ancaq Məmmədin bir addım irəli atıb dayanması və iki rəqibini "oyundankənar vəziyyət"ə salmasını görmək üçün 2 saata yaxın yolu qət eteməyə dəyərdi…

Məhəllə futbolunun gözəlliyi onun səmimiliyindədi. Hakimlə yerli-yersiz onlarla mübahisə, hər xırda epizoda görə komanda yoldaşını məzəmmət etmək, rəqibə psixoloji təzyiq göstərmək, daha nələr, nələr…

Gərgin keçən “Legioners” – “Galaxy Travel” matçı 3:3 hesablı bərabərliklə başa çatır. Meydança yavaş-yavaş boşalır… cəmi 1 dəqiqəliyə. Və yeni cütlük meydançaya qədəm qoyur. San-Marinoya hansı komandanın gedəcəyi hələ ki, məlum deyil. Ancaq təşkilatçılar ilk yarışmadan fərqli, bu dəfə favoritlərin xeyli artdığını bildirir. Deməli, ən maraqlı qarşılaşmalar hələ irəlidədi.

CEYHUN ƏLİYEV

Shares: