Sabah UEFA Çempionlar Liqasında (ÇL) üçüncü təsnifat mərhələsinin cavab oyunları start götürəcək. Futbolinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirində mübarizə aparan yeganə təmsilçimiz "Qarabağ"ı tarixi matç gözləyir. Belə ki, Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək Ağdam təmsilçi ilkə imza atmaq əzmindədi.

Bu günə qədər heç bir Azərbaycan klubu ÇL-də pley-off mərhələsinə vəsiqə qazana bilməyib. "Qarabağ" sabah Plzen təmsilçisi ilə dueldən lazımı nəticə ilə ayrılacağı halda, həm yeni bir səhifə açmış, həm də Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etmiş olacaq.

"Köhlən atlar" ötən həftə Çexiyada baş tutan ilk matçda "Viktoriya" ilə bərabərə qalıb ki, bu da təmsilçimiz üçün münasib nəticədi. Sadəcə, səfərdəki qarşılaşmanın qolsuz bitməsi işimizi bir qədər çətinləşdirir. Belə ki, istənilən qollu heç-heçə qonaqları pley-offa daşıyacaq. Həmçinin çexlər Bakıda qol vuracaqları halda, "Qarabağ" mütləq qalib gəlməli olacaq.

Qurban Qurbanovun Çexiyadakı oyunda seçdiyi taktika hər nə qədər tənqidlə qarşılansa da, baş məşqçinin seçiminin düzgün olduğu qənaətindəyik. Fikrimizcə, elə sabahkı oyunda da əsas tapşırıq qol buraxmamaq olmalıdı. "Viktoriya" son illər avrokuboklarda uğurla çıxış edən, hücum potensialı güclü bir rəqidi. Belə bir vəziyyətdə rəqibə açıq futbol təklif etmək, hücuma alüdə olmaq arzuolunmaz sonluqla nəticələnə bilər.

"Qarabağ" müdafiədə maksimum diqqətli olmaqla, irəlidəki futbolçuların ustalıq səviyyəsinə bel bağlaya bilər. Hər halda, Reynaldo, Almeyda, Dani Kintana kimi futbolçular istənilən rəqibin müdafiə xətti üçün problem yaradacaq səviyyədədilər.      

İstənilən halda "Viktoriya" ilə matç "Qarabağ"ın cari avrokubok mövsümündə sonuncu oyunu olmayacaq. Komandamız çexlərlə dueldən qalib ayrılmasa, Avropa Liqasında pley-off oynamalı olacaq. Lakin təbii ki, ən böyük istəyimiz Ağdam klubunun ÇL-də yoluna davam etməsidi. Ən pis halda, təmsilçimizin ardıcıl 3-cü mövsüm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına ümid edirik.

UEFA Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsinin cavab oyunu

2 avqust

20:30. “Qarabağ” – “Viktoriya”
Hakimlər: Hüseyn Gökçek, Mustafa Əmrə Eyisoy, Kemal Yilmaz, Bariş Şimşek (hamısı Türkiyə).
Hakim-inspektor: İqor Satkii (Moldova).
UEFA nümayəndəsi: Andreas Akkelides (Kipr).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0.

AĞA

Shares: