Sabah “Qarabağ” tarixi oyuna çıxacaq. Çexiya çempionu “Viktoriya” səddini aşacağı təqdirdə Qurban Qurbanovun yetirmələri Azərbaycan klub futbolu tarixində ilk dəfə olaraq, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edəcəklər.

Səfərdə əldə olunan qolsuz heç-heçə Ağdam təmsilçisinin şanslarını artırır. Bir həftə öncə Plzendə rəqibin azlıqda qaldığı bir vaxt çempionumuzun irəli atılmaması bu gün müzakirə mövzusu olmamalıdı. Keçənə güzəşt deyərlər, indi hamılıqla sabahı düşünməliyik: “Qarabağ”ın komandası da (rəhbərlikdən inzibatçıyadək), media əhli də, fanatlar da. 

“Süvarilər”in hansı oyun üslubu ilə mərhələ adlayacağı arxa plana keçməlidi. Düşündürən və birləşdirən yeganə məqsəd və amal olmalıdı: “Qarabağ” ÇL-in pley-offuna yüksəlsin. Tarixinin ən güclü heyətinə sahib ağdamlıların rəqibi “dişinə görədi”. Qalır kağız üzərindəki üstünlüyü meydana köçürmək. Aydın məsələdi ki, 90 dəqiqə (bəlkə də 120) ərzində çempionumuz hücumları sıralamayacaq. Komandamızın müdafiə olunacağı dəqiqələr də olacaq, topu sadəcə, uzaqlaşdırdığı məqamlar da. Ən əsası isə müəyyən dəqiqələr kəsiyində plzenlilər təzyiqi, sürəti artıracaqlar, bəzi hallarda futbolçularımız yorulacaq. Bax, bu anda fanat amili ön plana çıxmalıdı. Tribunaları dolduracaq azarkeşlər məhz bu cür anlarda komandamızı ruhlandırmalı, ona dayaq durmalıdı.

Bəli, elə epizodlar olur ki, futbolçunun ayaqları çəkmir, amma fanat hayqırtısı onları boyundan hündürə tullanmağa sövq edir. Qələbə tək meydanda qazanılmır, tribuna amili, psixoloji köklənmə, hətta ən xırda bir ifadə belə, həlledici rol oynaya bilər. 

Sabah böyük gündü. Çox böyük gün. Çünki hamılıqla bu qələbədə pay sahibi olacağıq: futbolçular da, məşqçi heyəti də, rəhbərlik də, inzibatçı da, azarkeşlər də, KİV təmsilçiləri də, televiziyanın qarşısında oturan həmvətənlərimiz də. Ancaq inanmaq istərdik ki, Tofiq Bəhramov adına stadionun tribunalarında iynə atmağa yer olmayacaq. Çexiya çempionuna Bakı cəhənnəmini yaşatmaq hər birimizin borcudu. 

“Qarabağ”ın da borcu var. Sabahkı oyunda bütün varlığını ortaya qoysun. Sabahkı oyunda futbolçular tək “Qarabağ”, Ağdam adına oynamadığını, Azərbaycanın hər qarışı adına meydana çıxdığını göstərməli, hər həmvətənimiz üçün vuruşduğunu anlayıb, bacardığından da artığını ortaya qoymalıdı. Sabah vahid yumruq olmaq axşamıdı. Ki, qələbə bizimlə olsun! Ki, tarixi birlikdə yaşayaq! Ki, güclü olduğumuzu bütün dünyaya car çəkə bilək!

CEYHUN ƏLİYEV

Shares: