“Sumqayıt”ın müdafiəçisi Rail Məlikovun futbolinfo.az saytına müsahibəsi:

– Yeni mövsümə hazırsınız?
– Yüksək səviyyədə hazırlıq keçdik. Hər şey qaydasındadı. İnanıram ki, bu hazırlığın bəhrəsini ölkə çempionatında görəcəyik.

– “Sumqayıt” bu mövsüm hansı yerlərə iddia edə bilər?
– Bunu gələcək göstərəcək. Çempionata yaxşı hazırlaşmışıq. Futbolda əvvəldən nəsə demək olmur. 

– Rəhbərlik qarşınıza hansısa hədəflər qoyubmu?
– Əsas məqsədimiz maksimum nəticə göstərməkdi. Burdayıqsa, çalışıb, uğur qazanmalıyıq. Heyətdə Vaqif Cavadov, Fərhad Vəliyev, Vurğun Hüsynov kimi oyunçular var. Maksimum nəticə göstərməyi özümüz qarşımıza məqsəd qoymuşuq.

– 8 komandalı çempionat nə dərəcədə maraqlı olacaq?
– İlk dəfədi bu cür çempionat keçiriləcək. Necə yarış olacağını zaman göstərəcək. Burada bizlik bir şey yoxdu. Ümid edirəm ki, yaxşı olacaq. Amma əvvəlki illəri göz önünə gətirsək, komanda sayı nə qədər çox olsa, o qədər yaxşıdı. Bu, futbolçular baxımından da yaxşıdı, hansı ki, klubsuz qalmazlar, gənclər üzə çıxar. Milli də bundan xeyir götürürədi. Həm də 1 komandaya qarşı 4 oyuna çıxmaq da darxıdırcıdı.

– AZAL-dan ayrılmağında maliyyə məsələlərinin nə dərəcdə rolu oldu?
– AZAL-a mən maliyyəyə görə yox, qardaşlığa görə gəlmişdim. Komandadan da qarşılıqlı şəkildə halallaşaraq, ayrıldım. AZAL da mənim ailəm idi, elə “Sumqayıt” da. Futbolun yazılmayan qanunları var. AZAL-dan ayrıldım, onların mənə heç bir borcu yoxdu.  

ELMAR ABDULLA-ZADƏ

Shares: