Premyer Liqanın startına sayılı günlər qalmış PFL çempionat iştirakçılarının stadionlarının lisenziya tələblərinə cavab verib-verməməsini aydınlaşdırmaq məqsədilə təftişə start verib. İlk olaraq, Gəncəyə səfər edən qurum nümayəndələri “Kəpəz”i saf-çürük ediblər.

Yoxlama qrupunun rəhbəri Samir Kərəmov futbolinfo.az saytına verdiyi açıqlamada çatışmazlıqlar barədə danışdı. PFL-in təhlükəsizlik şöbəsinin mütəxəssisi klub rəhbərliyinin problemli məsələləri 10 gün ərzində həll edəcəyinə dair rəsmi məktub verdiyini də dilə gətirdi: “Ot örtüyü kifayət qədər qənaətbəxş vəziyyətdədi və deyərdim ki, futbolçular bu sarıdan problemlə üzləşməyəcəklər. Soyunub-geyinmə otağında kosmetik təmirə ehtiyac var. Duş otağına da əl gəzdirilməlidi. Konfrans zalında məşqçilər üçün ayrılan yer bütün tələblərə cavab versə də, jurnalistlər üçün nəzərdə tutulan oturacaqlar hələ ki, quraşdırılmayıb. Oturacaqlarla bağlı daha bir problem tribunalarla bağlıdı. Media təmsilçiləri üçün 20 yerin ayrılması tövsiyə olunduğu halda, Gəncə stadionunda cəmi 10 bu cür oturacaq və masa quraşdırılıb. Bunlardan da 6-sı elektrik cərəyanı ilə təchiz edilib. Bütün bu çatışmazlıqlarla bağlı klub rəhbərliyinə öz iradlarımızı bildirdik. Onlar da klub prezidenti Mehman Allahverdiyevin imzası ilə bizə təminat məktubu verdilər. Klub rəhbərliyi “Kəpəz”in ilk ev oyununadək bütün qüsurları aradan qaldıracaqlarına dair rəsmi vəd verdilər”.

“Şər deməsən, xeyir gəlməz”. Bəs, 10 gündən sonra da problemlər çözülməsə, necə olacaq? “Kəpəz” cəzalandırılacaqmı? Həmsöhbətimiz bu məsələnin onun səlahiyyətində olmadığını söylədi: “Üzərimizə düşən işi gördük. Əgər qeyd etdiyiniz kimi, problemlər həllini tapmasa, artıq PFL rəhbərliyi məsələyə münasibət bildirəcək. Hansı qərarın veriləcəyini isə mən deyə bilmərəm”.

Göründüyü kimi, ötən mövsüm olduğu kimi, bu il də Gəncədə infrastruktur sarıdan axsamalar var. Yay fasiləsində problemlər həllini tapmayıbsa, 10 günə çözüləcəyi inandırıcı deyil. Ancaq imzanı atan “Futbolnfo” deyil, “Kəpəz” rəhbərliyidi. 10 gündən sonra “meydanı da görəcəyik, şeytanı da”.

CEYHUN ƏLİYEV

Shares: